Ərdoğan və Duda İlham Əliyevə məktub göndərdi

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Millitribuna.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına öz adımdan və Polşa xalqı adından ən xoş təbriklərimi və arzularımı çatdırıram.

Ortaq qəhrəmanlarımız general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə toxunaraq, ölkələrimizin və cəmiyyətlərimizin iqtisadi və sosial inkişafı üçün üzərimizə xüsusi bir məsuliyyət qoyan müasir çağırışları xatırlamalıyıq. Ümid edirəm və tam əminəm ki, ölkələrimizin iqtisadi inkişafı həm ikitərəfli, həm də beynəlxalq səviyyədə bu hədəflərə çatmağa xüsusilə kömək edəcəkdir.

Sizə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsində, hərtərəfli inkişafında və bölgədə, eləcə də Avropa İttifaqı ilə güclü beynəlxalq münasibətlərin qurulmasında davamlı uğurlar diləyirəm”.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Cənab Prezident, Əziz Qardaşım.

Can Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim adından və şəxsən öz adımdan Zali-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ən səmimi duyğularımla təbrik edirəm.

Müstəqilliyinin bərpasından bəri gündən-günə daha da inkişaf edən Azərbaycanın qətiyyətli liderliyinizlə əldə etdiyi mühüm nailiyyətlərə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın sonuncu iclasında fəxrlə bir daha şahid oldum. İnamla və qüdrətli bir şəkildə Cümhuriyyət tarixinin 102-ci yaşına qədəm qoyan Odlar Yurdunun bütün sahələrdə böyük addımlar atmağa davam edəcəyinə ürəkdən inanıram.

Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da genişləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq duyuram. Qəlbləri birlikdə döyünən ölkələrimizin indiyə qədər olduğu kimi, bundan sonra da milli məsələlərimizdə qardaşlıq həmrəyliyini davam etdirəcəklərinə, bölgəmizdə sülh, rifah və sabitliyə sanballı töhfələr verməyə davam edəcəklərinə inamım qətidir.

Fürsətdən istifadə edərək, bir daha Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzularımızı çatdırıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir