Azərbaycana bu il gələn əcnəbilərin sayı açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 539 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,5% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, koronavirus pandemiyasının yayılması ilə əlaqədar cari ilin mart ayında olduğu kimi, aprel ayında da Azərbaycana gələnlərin sayında kəskin azalma müşahidə olunub. Onların sayı əvvəlki ayla müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 12,1 dəfə azalıb.

Hesabat dövründə Azərbaycana gələnlərin 30,4%-i Rusiya, 27,9%-i Gürcüstan, 12,3%-i Türkiyə, 6,1%-i İran, 2,3%-i Hindistan, 2,2%-i Səudiyyə Ərəbistanı, 2,1%-i Ukrayna, 1,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Pakistan, hər birindən 1,3% olmaqla Küveyt və Qazaxıstan, 1,2%-i Türkmənistan, hər birindən 0,9% olmaqla İraq və Böyük Britaniya, 0,8%-i Özbəkistan, 0,7%-i İsrail, 6,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 74%-ni kişilər, 26%-ni qadınlar təşkil edib. Bu ilin yanvar-aprel aylarında Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 4,1 dəfə, Çindən – 3,5 dəfə, İspaniyadan, Omandan və Polşadan – 2,5 dəfə, Yaponiyadan – 2,4 dəfə, Qətərdən və Niderlanddan – 2,3 dəfə, ABŞ-dan, İraqdan, İtaliyadan, Fransadan və Kanadadan gələnlərin sayı 2,2 dəfə azalıb.

Ümumilikdə, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,2 dəfə azalaraq 15,6 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 2 dəfə azalaraq 70,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,4 dəfə azalaraq 197,6 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 65,8%-i dəmir yolu və avtomobil, 32,8%-i hava, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir