Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil” –

Ermənistanda nə baş verir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda vəziyyət necə qiymətləndirilir, müharibənin yenidən başlaması nə dərəcədə mümkündür, bu ölkə xarici nəzarət altındadırmı?

Bütün bunlar haqqında Media.Az müstəqil erməni analitik, Regional Tədqiqatlar Mərkəzinin (Yerevan) direktoru Riçard Kirakosyanla söhbət edib.

– Kənardan elə görünür ki, Ermənistanda vəziyyət ağırlaşır. Qarabağın “müstəqilliyi” tərəfdarları ilə bu bölgənin Ermənistanla “birləşməsi”ni dəstəkləyənlər arasında qarşıdurmanı nəzərdə tuturam. Bu belədir?

– Ermənistanda yeganə qarşıdurma 2018-ci ilin “məxməri inqilab”ından sonra ölkənin kəskin siyasi qütbləşməsi ilə bağlıdır. Söhbət baş nazir Nikol Paşinyan, onun hökuməti və Serj Sarkisyanın başçılıq etdiyi ölkənin əvvəlki rəhbərliyinin nümayəndələri arasında mübarizədən gedir. Hesab edirəm ki, xüsusən Paşinyan hökumətinin davamlı populyarlığını nəzərə alaraq, “köhnə qvardiya” qrupu getdikcə marginallaşır, nüfuzdan düşür və zəifləyir. Bu qarşıdurmanın elementi olan Dağlıq Qarabağ problemi böyüyür. Müxalifət Ermənistan hökumətini zəif olmaqda və Azərbaycana güzəştə getməkdə ittiham edərək, bu siyasi məsələ ilə manipulyasiya etməyə çalışır. Ancaq Qarabağın “müstəqillik” problemi həmin siyasi qarşıdurmada nə mərkəzi, nə də ümumi deyil.

Təbii ki, Qarabağ məsələsini yaxından izləyirik. Bəziləri Ermənistanla “birləşmə” ehtimalını nəzərdən keçirir. Digərləri Qarabağın yerli sakinləri üçün həll yolu kimi “müstəqilliyi” seçir. Ümumiyyətlə, Ermənistanda Qarabağın yalnız bir mümkün statusu ilə bağlı ümumi razılıq var: hər hansı qayıdışdan imtina və Azərbaycan hökumətinə təslim olmamaq. Bu, Azərbaycanın mövqeyinə tamamilə ziddir, lakin istənilən Ermənistan hökuməti məhz buna əməl edəcək.

– Baş nazir Nikol Paşinyanın mövqeyi təəccüblüdür. Ötən ilin avqustunda o, “Qarabağ Ermənistandır” deyib. Bu yaxınlarda isə Qarabağın müstəqilliyinə qarşı çıxacaq heç bir ermənini tanımadığını bildirib. Bunu necə izah etmək olar? Bir çox erməni analitiklərin yazdığı kimi, Ermənistanın Azərbaycanda olduğu kimi ardıcıl mövqeyi yoxdur. Azərbaycan ərazi bütövlüyünün qorunması şərtilə yüksək muxtariyyət statusu təklif edir.

– Nikol Paşinyan çoxdan emosional və hətta impulsiv insan kimi tanınır. O, 2019-cu ilin yayında etdiyi çıxışda “Qarabağ Ermənistandır” deyərək, Azərbaycanda reaksiya dalğasına səbəb oldu. Mənə elə gəlir ki, Nikol Paşinyan kütlə ilə məşğul idi. Bundan əlavə, o, özünü hücumlardan müdafiə edirdi, çünki Qarabağ məsələsində qeyri-müəyyən mövqeyindəki zəiflikdə ittiham olunurdu.

Paşinyan daha sonra sözlərinə aydınlıq gətirdi. Məsələn, 2020-ci ilin fevral ayında Berlində verdiyi açıqlamalarda “çox aydın və konkret bir məna” olduğunu bildirdi. Məsələ burasındadır ki, Ermənistan “Qarabağın təhlükəsizliyinin qarantı” rolunu oynadığı üçün “Azərbaycanın Qarabağa istənilən hücumunu Ermənistana hücum kimi qiymətləndirəcək”.

“Qarabağ Ermənistandır” sözləri Azərbaycan rəhbərliyinin mümkün təhdidlərinə reaksiyadır. Baxmayaraq ki, bu “söz müharibəsi”ni məhsuldar hesab etmirəm, o, müzakirələrin azalmasına və ya real danışıqların aparılmasına mane olur. Lakin bu mövqe Ermənistanın həm daxili siyasətində, həm də diplomatiyasında dərin köklərə malikdir.

– Sizin fikrinizcə, Qarabağda yenidən müharibənin alovlanması təhlükəsi nə dərəcədə böyükdür?

– Hazırda hərbi əməliyyatların yenidən başlaması təhlükəsi olduqca azdır, çünki dünyanın bütün ölkələri ortaq bir düşmən – COVID-19-un səbəb olduğu böhranla qarşılaşıb. Bu çərçivədə hərbi əməliyyatların qızışması və ya hər hansı hərbi hücum inandırıcı deyil.

Ancaq orta və uzunmüddətli perspektivdə risk var və bu, məni narahat edir. Xüsusilə, bir neçə səbəbə görə Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların yenidən başlamasının açıq və yüksək ehtimalı var. Azərbaycan üçün 2016-cı ilin aprelində döyüş vacib hərbi qələbə oldu. Bu, məhdud olsa da, məqsədinə çatan uğurlu kampaniya idi.

Başqa bir amil bundan ibarətdir ki, təkrarlanan hərbi qələbədən (nə qədər ərazinin nəzarət altına alınmasından asılı olmayaraq) imtina etmək olmur. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyəti Qarabağ münaqişəsi ilə bağlı itki hissini çox dərindən keçirir.

Hərbi əməliyyatların başlaması ehtimalını artıran başqa amil heç bir real maneənin olmaması ilə əlaqədardır. Bakının Qarabağ münaqişəsini silah gücünə həll etmək cəhdinə əl atmaması üçün heç kim və heç nə Azərbaycana təzyiq göstərə bilməz.

– Ermənistanın xaricdən idarə olunması barədə nə düşünürsünüz, erməni mediası nə məlumat verir? Buna misal olaraq, Amulsar sahəsini göstərmək olar. Əhali onun inkişafının əleyhinədir, ABŞ və Böyük Britaniya isə inkişafında israr edərək, təzyiq göstərir.

– Ümumiyyətlə, Ermənistan Rusiya ilə Qərb arasında incə tarazlıq axtarır. Ölkənin Rusiya ilə təhlükəsizlik və hərbi əlaqələri vacib olsa da, Ermənistan Avropa İttifaqı ilə siyasi və iqtisadi əlaqələri dərinləşdirməkdə, ABŞ-la sıx əlaqələr saxlamaqda, qonşu İranla ticarəti inkişaf etdirməkdə və Rusiyadan həddən çox asılılığı azaltmaqda qərarlıdır.

Mənə elə gəlir ki, Amulsar qızıl mədəni ilə əlaqədar Qərb investorlarının Ermənistana etdiyi “təzyiq” hökumətin dağ-mədən sektorunda ixracatdan asılı olması ilə bağlı problemdir. Lakin ətraf mühitin qorunması ilə əlaqədar narahatlıq Ermənistan rəhbərliyinin Qərbin əsiri və ya oyuncağı olmadığını Moskvaya göstərməsi üçün fürsət ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir