“Bizdə istifadə edilən testlər alman istehsalıdır” – TƏBİB

Mətbuat katibi: “Çindən test almırıq, bununla bağlı yayılan məlumatlar əsassızdır…”.

Hazırda dünyanın bəlasına çevrilən koronavirusun aşkar edilməsində tətbiq edilən testlər əsas müayinə metoduna çevrilib. İndi bütün ölkələr daha keyfiyyətli testlər almağa çalışır. Məhz testlərin tətbiqindən sonra koroanvirusa yoluxan insanların sayı dəfələrlə artıb.

Məsələn, ABŞ hazırda koronavirusa yoluxanların sayına görə sırada birinci yerdədir. Prezident Donald Tramp koronavirusun aşkar edilməsi üçün ən yaxşı keyfiyyətli testlər ABŞ-da olduğu üçün bu ölkə yoluxanların sayına görə dünyada birinci yeri tutduğunu bildirmişdi. Onun sözlərinə görə, digər dövlətlərdə testlər ABŞ-da olandan keyfiyyətsiz olduğu üçün bu ölkələrdə daha az yoluxmalar aşkar edilir: “ABŞ-ın bir milyon koronavirusa yoluxma barədə məlumat verməsinin yeganə səbəbi, testlərimizin dünyanın hər hansı digər ölkəsinə nisbətən daha yaxşı olmasıdır. Digər ölkələr testin keyfiyyətinə görə bizdən geridə qalırlar və buna görə də daha az yoluxma hallarına rast gəlinir”.

Dünya ölkələrinin əksəriyyəti koronavirus bəlasının ortaya çıxdığı Çindən test sifariş edir. Əvvəlcə bu testlərin yüksək keyfiyyətə malik olduğu deyilsə də, sonradan ölkələrdən narazılıqlar gəlməyə başladı. Məsələn, Hindistanın Tibbi Araşdırmalar üzrə Federal Xidməti hökumətə müraciət edərək bildirmişdi ki, Çinin Söhbət “Guangzhou Wondfo Biotech” və “Zhuhai Livzon Diagnostics” şirkətlərindən alınan testlər doğru olmayan nəticələr göstərib, ölkənin müxtəlif bölgələrindən bu testlərlə bağlı neqativ məlumatlar daxil olub. Hökumətə həmin şirkətlərin istehsalı olan testlərdən istifadə olunmaması və geri göndərilməsi məsləhət görülmüşdü.

Görəsən Çinin testləri virusları kimi keyfiyyətlidirmi?

Qonşu Türkiyə də Çindən koronavirusu 15 dəqiqəyə təyin edən 2 milyon test alıb. Lakin hələ ki, bu testlər barəsində narazılıq müşahidə olunmayıb. Rusiyada da bir müddətdir ki, koronavirus test sistemi istehsal olunur. Lakin bu testləri alan Belarusa hökuməti həmin test sistemlərinin tez-tez səhv nəticələr verdiyini bəyan etmişdi. Ölkə prezidenti Aleksandr Lukaşenko daha bu testlərdən almayacaqlarını bildirmişdi:  “Çox sınayırıq. Ancaq açıq şəkildə deməliyəm ki, testlər çox keyfiyyətsizdir. Bu testlərdən bundan sonra istifadə etməyəcəyik. Onların yalnız 60% -ə qədər düzgün nəticə verdiyi bildirilsə də, mən deyərdim ki, bu, 30% qədərdir. Biz bunu tez-tez aşkar etdik”.

Məlum olduğu kimi, Azərbaycanda da artıq bir müddətdir ki, koronavirusun müayinəsində testdən istifadə olunur. Son məlumata görə ölkədə ümumilikdə 214 291 nəfər testdən keçirilib. Bəs bu testlər hansı ölkə istehsalıdır? Keyfiyyəti qənaətbəxşdirmi? Hansı halda testlər səhv nəticə göstərə bilir?

TƏBİB-də 24 saat işləyən "Qaynar xətt" yaradılıb

Mövzu ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Yeni Müsavat”a bildirdi ki, ölkəmizə gətirilən testlər Almaniyanın “Qiagen” şirkətindən alınır və bu testlər çox keyfiyyətlidir”.

Rəvanə Əliyeva qeyd etdi ki, bu günə qədər həmin testlərlə bağlı heç bir narazılıq olmayıb: “Alınan testlərin keyfiyyəti ilə bağlı bu günə qədər heç bir problem yaranmayıb. Bəzən mətbuat orqanlarında Azərbaycandakı testlərin Çindən gətirildiyi barədə informasiyalar yayılır. Azərbaycan Çindən test almır və bununla bağlı yayılan məlumatlar əsassız və yalandır”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin sözlərinə görə isə bəzən yoluxmanı müayinə etmək üçün istifadə edilən testlərdə xətalar baş verə bilər. Bu, götürülən yaxmanın az və çoxluğundan aslı ola bilir: “Neqativ  çıxan test sonra pozitiv çıxa bilər. Amma pozitiv çıxan testin nəticəsi neqativ çıxa bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir