Türkiyə iqtisadiyyatını canlandıracaq iqtisadi dəhliz – Təhlil

Türk Şurasına üzv ökələrin inteqrasiyası sürətləndirilməlidir.

Kürşad Zorlu

“Haberturk.com”, Türkiyə, 09 may 2020-ci il

Türkiyə xarici siyasətinin önəmli problemlərindən biri də bu sahədə məqsədəuyğun vasitələrin təkmilləşdirilməməsidir. Bu baxımdan, başda iqtisadi vasitələr olmaqla, səhiyyə, təhsil, mədəniyyət, media, informasiya kimi fərqli anlayışların xarici siyasət cığırında istifadə qaydaları böyük əhəmiyyət kəsb edir. Çünki qlobal hadisələr və rəqəmsallığa keçid bu anlayışlarla paralel olaraq inkişaf edir.

Burada önəmli olan məsələ adıçəkilən anlayışlar arasındakı əlaqəni daha da gücləndirə bilməkdir. Məsələn, Çin və Rusiya ilə ticarət xarici siyasətimizdə birtərəfli asılılıq görüntüsü hərəkət manevrimizi, istər-istəməz, məhdudlaşdırır.

Xatırlayın, 1990-cı ilin sonlarında Türkmənistanın dövlət başçısının dediyini: “Biz qazı 45 dollardan ruslara satırıq, onlar da sizə 110 dollardan verirlər. Nə üçün qazı birbaşa bizdən almırsınız?”...

Həmin zamanlarda bu məsələ yetərincə anlaşılmırdı. İndi isə Bakı-Tbilisi-Xəzər xəttindən türkmən qazının gələ bilmə ehtimalı yenidən tumurcuqlanır.

Türk dünyası əməkdaşlığının xüsusilə iqtisadi baxımdan üzv ölkələrin xeyrinə dəqiq addımlara çevrilməsi, sadəcə Türkiyə yox,  Orta Asiya və Avrasiya bölgəsini də təsiri altına alacaq məzmuna sahibdir. Ancaq indidən ABŞ-Rusiya-Çin rəqabətinin önəmli işarələrini bu bölgədə görməyə başlamışıq.

Bu gün koronavirus pandemiyası Türk dünyasını təhdid edir. Enerji sektorundakı iqtisadi çöküş bu ölkələrin ehtiyat mənbələrinə də güclü təsir göstərir.

Artıq vaxt itirməyin heç bir mənası yoxdur. Gələcəyi yaxşılaşdırmaq üçün iqtisadi layihələrin hazırlanmasına başlanılmalıdır. Bunun təməli isə 2010-cu ildə əsası qoyulan Türk Şurasının üzv ölkələridir. Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və rəsmi üzv sayılmasa da, Türkmənistan…  Türkmənistan və KKTC  də (Şimali Kipr Türk Cümhuriyyəti) mütləq burda yer tutmalıdır.

Dünən Şuranın Baş katibi Bağdad Amrayevlə danışarkən, hər həftə bir neçə rəqəmsal zirvə toplantısının olduğunu öyrəndim.  Amrayev qısa müddət ərzində önəmli qərarların alındığını bildirdi. Aprelin 30-da Nəqliyyat nazirlərinin konfransı olmuşdu. Bir neçə gün öncə isə adıçəkilən ölkələrin İqtisadiyyat nazirləri videokonfrans keçirdilər. Hal-hazırkı bu müddət isə dünyadakı bənzəri ittifaqlar içərisində Türk Şurasını daha da ön cərgələrə aparacaq.

İlkin mərhələ üçün aşağıdakı məsələlər ələ alınıb:

– Üzv ölkələr arasındakı ticarətdə milli valyutadan istifadə edilməsinə təşviqatın başlanması (Əslində, bunun bir bənzəri də 2018-ci ildə D8 ölkələri arasında başlamışdı. Hətta bu zaman malayziyalı bir firma bununla bağlı ortaq ödəniş sistemi də yaratdı. Türk Şurasının səlahiyyətli nümayəndələri buna bənzər  növbəti bir proqram sisteminin özləri tərəfindən qurula biləcəyini açıqladılar).

– Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması;

– Ölkələr arasında yeni dövrdə rəqəmsal iqtisadiyyat və onlayn ticarət sahəsində işbirliyinin sürətləndirilməsi;

– Bu məsələdə ortaq bir sistemin yaradılması;

– Gömrükdən keçid qaydalarının sürətləndirilməsi və idxal vergilərinin aşağı salınması istiqamətində mexanizmin inkişaf etdirilməsi;

–  Ölkələrin Mərkəzi bankları arasında mübadilə razılaşmalarının qurulması;

 – Bunlarla yanaşı, bir də tədarük zəncirinin qurulması;

Tibbi ləvazimat çatışmazlığının üzv ölkələr arasında aradan qaldırılması məsələsi də bu  prosesə daxil edilib.

Bunların hamısı çox önəmli başlıqlardır. Bu məqsədə uyğun olaraq, üzv ölkələr arasında iqtisadiyyatı sürətləndirmək üçün 4 nazirliyin nazir müavinlərindən ibarət bir komitə yaradılacaq.

Ancaq Amrayev açıqlamasında bu məsələdə mənim də hər dəfə vurğuladığım Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun dəhliz rolu oynamasına diqqət çəkdi. İranda yaranan məlum problemlər səbəbindən Türkmənistan-İran sərhədi bağlanıb. Bu hadisə isə adını çəkdiyimiz dəhlizi daha önəmli hala gətirib.

Bunun mərkəzində də Türk dünyası dayanır. Xəzərdən keçən mal və bənzəri xidmət transferlərinin canlandırılması, Ro-Ro tranzit haqlarının azaldılması, sərhəd-keçid məntəqələrində və gömrüklərdə yük və digər xidmətlərin keçidlərinin asanlaşdırılması, ticarət dəhlizlərinin yaradılması…

Üzv ölkələrin milli qazancı 1,3 trilyon dollar çatır və xarici ticarəti dünya ticarətinin 1.4%-nə uyğun gəlir.

Türkiyə bu ölkələrlə 8 milyard dollar həcmində bir ticarət həyata keçirir. Yəni ki, çox az! Bu məsələnin əhatə dairəsi nəzərə alınsa, Türk dünyasının xarici ticarət-enerji-nəqliyyat sistemlərinin Türkiyə iqtisadiyyatına qatacağı dinamika daha da güclü olmalıdır. Xüsusilə də, danışdığım bəzi ekspertlər Türkiyə baxımından 10-15 milyard dollar həcmində yeni bir aktivliyin sürpriz kimi ortaya çıxacağını elə də gözləmirlər.

Elə isə heç gözləmədən bütün qurumlara çağırış edirəm – bu dəhlizin belə böhranlarda yox, hər zaman canlı qalması, önümüzdəki dövr üçün həyati əhəmiyyət kəsb edir.

Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran sosial şəbəkədə bir video paylaşıb. Türkiyənin 57 ölkəyə tibbi yardım ləvazimatı göndərdiyini anladan bu videonun sonunda bu ifadələr səslənir: “Ümidsizliyin ardında nə ümidlər var! Qaranlığın altında nə günəşlər var…”

Bu ifadələr Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” adlı əsərindəndir.  Ümidlənmək bu günlərdə ən çox ehtiyacımız olan duyğudur…

Keçən həftə Özbəkistan-Qırğızıstan sərhədində Solda bəndinin dağılması ilə yaranan fəlakətin ardınca Özbəkistan Prezidenti bu duyğusal ifadələri işlətdi: “Qardaş Qazaxıstan xalqı ilə hər zaman bir yerdə yaşadıq, bir bulağın suyunu içdik. Qohum qədər yaxınıq bir-birimizə. Xoşbəxt günlərdə də, kədərli günlərdə də hər zaman bir-birimizə dəstək olduq, çətinliklərlə birgə mübarizə apardıq”.

Bu ifadələr Orta Asiya Dövlətlər Birliyinin təməli idi. Təəssüf ki, ümidlə gözlədiyimiz bir hadisə isə reallaşmadı. Bir neçə gün öncə bu barədə bildirmişdik. Türkmənlərə İraq Nazirlər Şurasında yer verilmədi. Əhalisi 2 milyonu keçsə də, milli azlıq belə sayılmadılar. Deyiləcək və nəticə çıxarılacaq çox şey var!

Tərcümə Strateq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir