“Vətəndaşlarda son vaxtlar arxayınçılıq yaranıb” – Deputat

“Son günlər ölkədə koronavirusa yoluxan xəstələrin sayında artım müşahidə olunur. Bunun yeganə səbəbi bəzi insanların qaydalara əməl etməməsidir”.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, koronavirusdan ölkəmizin zərər çəkməməsi, vətəndaşların xəstələnməməsi, əhalinin sağlamlığının və həyatının qorunması üçün dövlət tərəfindən maksimum səviyyədə işlər görülüb.

“Bu gün ölkəmizdə koronavirusla mübarizə yüksək səviyyədə aparılır. Azərbaycan bu tədbirləri ilə BMT və digər beynəlxalq təşkilatların koronavirusla mübarizəni yaxşı hesab etdiyi ölkələr sırasındadır. Bunu BMT-nin müvafiq qurumları, ÜST tərəfindən ölkəmizə, xalqımıza, Prezident İlham Əliyevə təşəkkürlərdə də görürük. Biz bununla fəxr etməliyik”.

Deputat, həmçinin bildirib ki, Azərbaycanda insanların sağlamlığının qorunması dövlət üçün prioritetdir.

“Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva bir neçə dəfə xalqa müraciət edib. Əgər Prezidentimiz və birinci xanım xalqımıza müraciət edirlərsə, problemin nə qədər ciddi olduğunu çatdırırlarsa, vətəndaşlar özlərini məsuliyyətli hiss etməlidirlər. Tələblərin hər biri yerinə yetirilməlidir. Vətəndaşlarımızda son vaxtlar arxayınçılıq yaranıb. Hesab edirəm ki, buna son qoyulmalıdır. Bu, koronavirusa yoluxanların sayının artmasına və ikinci dalğanın olmasına səbəb ola bilər”.

M.İbrahimqızı hesab edir ki, məsuliyyətsiz insanlar qaydalara əməl etmirlər: “Aprelin 1-ci on günlüyündən başlayaraq uğurlu nəticələr əldə olundu. Lakin insanları daim karantin rejimində saxlamaq mümkün olmayacaq. Ona görə karantin rejimi yumşaldılmağa başladı. Bundan sonra insanlarda bir növ soyuqqanlılıq, biganəlik, məsuliyyətsizlik baş qaldırdı. Onun nəticəsidir ki, xəstəliyə yoluxma halları artdı. Son günlərdə bu rəqəm yüksək olub. Ona görə ictimaiyyəti karantin qaydalarına, Operativ Qərargahın qəbul etdiyi tövsiyələrə əməl etməyə çağırırıq.

Koronavirusun Azərbaycanda və dünyanın digər yerlərində qarşısını almaq üçün məsuliyyət təkcə dövlətin üzərinə düşmür. Ölkəmizdə mübarizə ən yüksək səviyyədə təşkil olunub. Amma buna baxmayaraq, vətəndaşlar öz məsuliyyətini yetərincə başa düşmürlər. Bir daha hər kəsi, seçicilərimizi öz məsuliyyyətlərini dərk edərək, tövsiyələrinə əməl etməyə çağırıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir