“Musiqi məktəblərini azaltmaq doğru deyil” – Peşəkarlardan açıqlama

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı faktlarına görə saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun cinayət əməllərindən biri də nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək olub. Bunun müqabilində əmək haqları, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər pullar hər ay toplanaraq ələ keçirilib.

Bu faktın özü də xeyli müzakirələrə səbəb olub. Bəzi ictimaiyyət nümayəndələri, eləcə də sosial şəbəkə izləyiciləri ölkədə, xüsusən də bölgələrdə çoxlu sayda musiqi məktəblərinə ehtiyac olmadığını qeyd edirlər. “Onsuz da əksər bölgə musiqi məktəblərində qənaətedici musiqi təhsili aşılanmır, müəllimlərin özləri çox aşağı səviyyədə musiqi savadına malik olur”, – deyə fikirlər səslənir.

Bəs peşəkar musiqiçilər bu fikirlərlə razıdırmı?

525-ci Qəzet - Müasir musiqişünaslıqda parlaq imza - Zemfira Qafarova

Zemfira Qafarova: “Musiqi məktəblərinə nəzarət etmək lazım idi, nəinki pul yığmaq”

Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Musiqi məktəbləri hər bölgədə olmalıdır. Çünki mütləq şəkildə uşaqların estetik zövqü inkişaf etməli, mütləq hansısa alətdə ifa etməyi bacarmalıdırlar.  Alətdə ifa etmək, yaxud mahnı oxumaq o demək deyil ki, gələcəkdə müğənni və yaxud musiqiçi olacaq. Bu, uşaqların tərbiyəsi üçün lazımlıdır. Yəni necə ki, kitab oxumaq zəruridir, eləcə də musiqi anlayışları olmalıdır.

Düşünürəm ki, sadəcə, musiqi məktəblərinə nəzarət olmalı idi. Uzun illər konservatoriyada dekan işləmişəm. Xatırlayıram ki, əvvəllər konervatoriyanın tələbələrini məzun olan kimi rayonlara işləməyə göndərirdik. İndi isə bu cür sistem yoxdur. Konservatoriyanı bitirən tələbələr ya burada qalıb işləyir, ya da ki, istədiyi işi tapır. Çox nadir hallarda hansısa məzun rayona işləməyə gedir. Buna görə də təbii olaraq, bölgə musiqi məktəblərində vəziyyət yaxşı ola bilməz.

Bu məqamda qeyd edim ki, əfsanəvi bəstəkarımız Arif Məlikov zamanında konservatoriyanı bitirən kimi Şuşaya göndərilmişdi. Şuşa musiqi məktəbindəki vəziyyət ona təsir etmişdi. Hansı ki, həmin məktəbdə Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarlarla yaxından tanış olub, muğamı dərindən öyrənmişdi. Məhz orada hazırlaşıb, yenidən konservatoriyanın bəstəkarlıq sinfinə daxil olmuşdu. Eləcə də Əşrəf Abbasov, Süleyman Ələsgərov həmin musiqi məktəbini bitirib, Bakı konservatoriyasına daxil olmuşdu. Əvvəllər bölgə musiqi məktəblərində çox peşəkar pedaqoqlar çalışırdı.

Beləliklə, bir daha qeyd edirəm ki, bölgələrdəki musiqi məktəblərinə nəzarət etmək, yaxşı ixtisasçıları göndərmək lazım idi, nəinki pul yığmaq. Bu gün ucqar kəndlərdə belə çoxlu sayda istedadlı uşaqlar var, onları yığıb, yaxşı musiqi məktəblərinə gətirmək olar”.

Mənsum İbrahimov: " Hazırkı statusum millət vəkilindən heç də ...

Mənsum İbrahimov: “Musiqi məktəblərinin sayının azaldılmasına ehtiyac yoxdur, sadəcə… ”

Xalq artisti, muğam ustadı Mənsum İbrahimov da çoxlu sayda musiqi məktəblərinin olmasının önəmli olduğunu vurğulayıb:

“Bölgələrimizdəki musiqi məktəblərini ixtisar etmək deyil, peşəkar müəllimləri işə cəlb etmək lazımdır. Hər il Milli Konservatoriya, Bakı Musiqi Akademiyası, İncəsənət Universitetinin çoxlu sayda məzunları olur. Bəzən şahidi oluruq ki, onlar iş tapa bilmir, başqa sahədə çalışmağa məcbur olurlar.

Həmçinin musiqi məktəblərində işin keyfiyyətini artırmaq lazımdır. Musiqi məktəblərinin bizə yalnız xeyri var, nəinki zərəri. Bu gün də musiqimizin inkişaf etməsinin səbəbi musiqi bünövrəmizin olmasıdır.

Ona görə də bir daha qeyd edirəm ki, musiqi məktəblərinin sayının azaldılmasına ehtiyac yoxdur, sadəcə, peşəkar müəllimləri işə cəlb etmək lazımdır”.

Amerikada yaşayan pianoçu soydaşımızla görüş

Əməkdar artist, tanınmış pianoçu Nərgiz Əliyarova isə mövzuya bu cür şərh bildirdi:

“Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri bölgələrimizdə musiqi məktəblərinin inkişafı ilə bağlıdır. Heydər Əliyev də onun tərəfdarı idi ki, bölgələrdəki musiqi məktəbləri yetərincə inkişaf etsin.

Vacib deyil ki, hamı musiqiçi olsun. Musiqi təhsili uşaqlara dünyagörüşü, estetik zövq bəxş edir. Musiqi məktəblərini necə bağlamaq olar? Xarici ölkələrdə çoxlu sayda musiqi məktəbləri açılır, bizdə isə bağlanmasını istəyirlər. Bu nə dərəcədə doğrudur?

Şəxsən mənim 3 övladımın hamısı musiqi məktəbinə gedir. Digər yaxınlarımı da məcbur edirəm ki, övladlarını musiqi məktəbinə qoysunlar.

Onu da qeyd edim ki, hazırda musiqi məktəblərinə xeyli axın var. Bu gün istənilən musiqi məktəbinə getsəniz, görərsiz ki, şagirdlərlə doludur. Uşaqların musiqiyə böyük həvəsi var.

Musiqi məktəblərindəki təhsilin səviyyəsinə gəldikdə isə, çoxlu sayda xarici ölkələrdə olmuşam və müşahidələrimdən deyə bilərəm ki, bizdə olan səviyyə daha yüksəkdir. Çünki biz rus musiqi məktəbini keçmişik. Hər il beynəlxalq musiqi festivalları keçirilir və bizim musiqi məktəblərindən olan şagirdlər yüksək səviyyəfə həmin müsabiqələrdə iştirak edir, yer qazanırlar”.(musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir