Partiya sədri: “Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunub”

“Əsgər və zabitlərimizin real döyüş şəraitinə uyğun təlimlər keçirməsi onların praktiki hazırlığını artırmağa və döyüş qabiliyyətini yüksəltməyə xidmət edir”.

Millitribuna.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O bildirib ki, hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir.

“Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunub. Bununla yanaşı, təlimlərdə yüksək səviyyəli zabitlər və hərbi təhsil müəssisələrinin məzunları iştirak edir. Silahlı Qüvvələrin beynəlxalq əlaqələri genişlənir, NATO ilə yaxından əməkdaşlıq mövcuddur. Hərbçilərimiz Türkiyənin Hərbi Akademiyalarında təhsil alırlar. Ordumuzun güclü və müasir olması müstəqilliyimizin qarantıdır”, – A.Mollazadə vurğulayıb.

Deputat orduda aparılan islahatları yüksək qiymətləndirib: “Mənə elə gəlir ki, görülən işlər sırasında hərbi hissələrin təmir olunması, yenilərinin tikilib istifadəyə verilməsi mühüm addımlardan biridir. Bu istiqamətdə böyük işlər görülüb və yenidənqurma prosesi hazırda da davam etdirilir. Ümumiyyətlə Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılır. Əsas məsələlərdən biri də hərbçilərin sosial problemlərinin həllidir. Onların mənzillərlə təmin olunması, təqaüd almaları üçün dövlətin bütün imkanlardan istifadə olunur”.

A.Mollazadə deyib ki, orduda müxtəlif formada silsilə təlimlər keçirilir: “Təlimlərin həmişə yüksək səviyyədə keçirilməsinə ehtiyac var. Şəxsi heyət hər vaxt yüksək səviyyəli təlimlər keçərək döyüş hazırlığını yüksəldir. Belə təlimlərin bir sıra qoşun növlərinin iştirakı ilə keçirilməsi orduda koordinasiyanı gücləndirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir