Avtomobilin idarə edilməsi üçün etibarnamə lazımdırmı?

Bakı Dövlət Universitetinin mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlı yazır…

İnzibati Xətalar Məcəlləsində(İXM) avtomobili idarə edəndən, yəni ona faktiki sahiblik edəndən buna müvafiq səlahiyyətinin olduğunu təsdiq edən rəsmi sənəd tələb olunur.(İXM m. 332.1, 96.1.1 və 97.1). Tələb olunan bu rəsmi sənəd ya avtomobilə olan mülkiyyət sənədi, ya da notariat qaydasında təsdiq olunmuş etibarnamədir. Avtomobilin mülkiyyətçisinin yanında avtomobili başqa şəxs sürdükdə, ondan bu avtomobili idarə etmək üçün notariat qaydasında təsdiq olunmuş etibarnamə tələb olunmur.(İXM.m.332.1).

İXM-in bu müddəalarından (m. 332.1, 96.1.1 və 97.1) belə çıxır ki, avtomobili idarə edənin yanında mülkiyyətçi yoxdursa və onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi də yoxdursa, o, həmin avtomobilə mülkiyyətçinin iradəsi xaricində hüquqa zidd olaraq sahiblik edir. Buna görə də həm avtomobil onun (avtomobili etibarnaməsiz sürən qeyri-mülkiyyətçinin) əlindən məcburi qaydada alınır və mühafizə duracağına yerləşdirilir, həm də həmin şəxs inzibati tənbeh qərarı ilə cərimələnir. Bu son qeyd olunan halda mülkiyyətçi telefonla və ya sonradan gəlib əyani şəkildə “avtomobili mən özüm vermişəm və hətta öz işimə görə (məsələn, avtomobili yumaq, yağını dəyişdirmək, təmir üçün ustaya aparmaq və s.) ondan avtomobili idarə etməyi xahiş etmişəm” desə də, avtomobili etibarnaməsiz idarə edən şəxsin inzibati məsuliyyəti dəyişməz olaraq qalır.

 

İXM-nin sözügedən bu müddəaları etibarnamənin hüquqi təyinatına, konstitusiyaya, insan haqları ilə bağlı müxtəlif konvensiya normalarına və o cümlədən Mülki Məcəlləin (bundan sonra qısaca MM) bu mövzu ilə bağlı bütöv ümumi sisteminə zidd olmaqla yanaşı, həm də həyatın gündəlik tələbatlarına da ziddir. Bütün bu qeyd etdiklərimizi qısaca əsaslandırmağa çalışaq:

Gündəlik həyatın tələbatına uyğun olaraq, əşyaya sahiblik edənin buna səlahiyyətli olduğu ehtimal edilir. Bu xüsusat MM-də də öz qanuni əksini tapmışdır. Belə ki, MM.m.166.1-də “Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir” və 166.2-ci maddəsinin üçüncü cümləsindəki “Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir” şəklindəki müddəalar bu məntiqi zərurətdən irəli gələn tənzimləmələrdir. Buna görə də hər kəsin əynindəki paltarı, qolundakı saatı istifadə etməyə səlahiyyətinin (hüququnun) olduğuna ehtimal verildiyi kimi, bir şəxsin müəyyən bir yaşayış və ya qeyri-yaşayış sahələrindən istifadə etdiyini görəndə də onun buna (istifadə etməyə) səlahiyyətinin olduğuna ehtimal verilir.

Bu sonuncularla bağlı, məsələn biz kənardan qonşunun evinin eyvanında oturub çay içən şəxsi gördükdə və ya şəhərdə avtomobillərdə oturan və ya onları sürən şəxsləri görəndə onların hamısının bunu qanunsuz etdikləri (yəni əslində oğurluq, quldurluq, özbaşınalıq və s. şəkildə hərəkət edən insanlar olduğu) qənaət və hissini daşımırıq. Onların hamısının bunu qanuni etdiklərini, yəni qeyd olunan hərəkətləri etməyə səlahiyyətləri (müvafiq haqqı və əsası) olduğunu ehtimal edirik. Doğurdan da necə ki, atı minənin, velosipedi sürənin, ayaqqabını geyinənin bunlara haqqının olduğunu ehtimal edirik, eyni psixoloji hiss və qənaəti avtomobili küçədə və ya magistral yolda sürənlər baxımından da daşıyırıq. Bu da açıqca onu göstərir ki, həm qanuna, həm də faktiki və aktual anlayışa görə avtomobildən istifadə edən hər bir şəxsin buna hüququnun olduğu ehtimal olunur.

Başqa sözlə, avtomobildən istifadə edən şəxsin etibarnaməsi olmasa da, nə qədər ki, həmin avtomobilin qadağan edilmiş özbaşınalıqla başqaları tərəfindən zəbt edildiyinə dair mülkiyyətçi və digər səlahiyyətli şəxs tərəfindən şikayət olunmayıb, faktiki sahibin avtomobildən istifadə etməyə haqqının olduğu ehtimal olunur.

Bundan başqa, qeyri-mülkiyyətçinin avtomobili etibarnaməsiz sürməsinin qadağan edilmiş özbaşınalıq və ya digər hər hansı bir qanunsuz əməl nəticəsində baş verdiyinin ehtimal olunması (prezumpsiyası) hüququn hamılıqla qəbul edilən və AR Konstitusiyasında (maddə 63) da öz təsdiqini tapan “təqsirsizlik prezumpsiyası”na da aşkar bir şəkildə ziddir.

Nəhayət, “etibarnamə” hüquqi mahiyyəti baxımından “təmsilçilik”dən başqa bir şey deyildir. Həqiqətən, MM-in 362.1-ci maddəsinə görə “Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır”. MM-in 359.1-ci maddəsinə görə də “Bir şəxsin (təmsilçinin) etibarnaməyə, əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir”. Göründüyü kimi etibarnamə “təmsil” səlahiyyətini ifadə edir. “Təmsil səlahiyyəti” isə, başqası (təmsil olunan) adından əqd bağlamaq səlahiyyətini ifadə edir. Başqaları adından əqd bağlamaq demək, bir kimsənin (təmsilçinin) başqası (təmsil olunan) adından əqd bağlamaqla həmin əqddən irəli gələn haqq (hüquq) və öhdəlikləri başqası üçün əmələ gətirmək deməkdir. Bütün bunlar da açıqca və qəti olaraq onu göstərir ki, təmsildən başqa bir şey olmayan etibarnamə mahiyyəti etibarı ilə yalnız əqdlərlə bağlı hüquqi münasibətlər sahəsində istifadə olunan hüquqi bir anlayışdır.

ETİBARNAMƏ adı altında əqd bağlamaq səlahiyyətini özündə ehtiva etməyən mətn (təcrübədə buna “istifadə üçün verilən etibarnamələr” deyilir) isə, hüquqi mahiyyəti baxımından etibarnamə (təmsil səlahiyyətinin verilməsi) deyildir. Bu cür yazılı mətn, hüquqi mahiyyəti baxımından nəqliyyat vasitəsinin başqası tərəfindən idarə edilməsinə razılığı bildirən yazılı iradə ifadəsidir.

Yuxarıda “etibarnamə” ilə bağlı verilən bu izahlardan da asanlıqla başa düşmək mümkündür ki, avtomobili öz və ya özgə mənafeyi üçün idarə etməyin (sürməyin) etibarnamənin mahiyyəti ilə, yəni təmsilçilik fəaliyyəti ilə heç bir hüquqi və funksional əlaqəsi yoxdur. Hətta mülkiyyətçinin (misal üçün M-in) öz avtomobili barəsində onun (M-in) adından əqdlərin bağlanılması səlahiyyətini bir başqasına (misal üçün T-yə) verməsi, yəni avtomobili ilə bağlı hansısa müqavilələrin bağlanılmasında T-ni təmsilçi təyin etməsi, hüquqi baxımdan öz-özlüyündə T-yə (yəni etibar edilənə) M-in avtomobilini sürməyə hüquqi əsas vermir.

Daha açıq bir misalla desək, məsələn M, yeni maşın almaq və ya pul əldə etmək istəyir. Ancaq özünün vaxtı və ya səriştəsi olmadığı üçün bu maşının satılması, dəyişdirilməsi və s. ilə bağlı T-yə etibarnamə (təmsil səlahiyyəti) verir. İndi M-in bu maşınla bağlı əqdlərin bağlanması barəsində T-yə etibarnamə (təmsil səlahiyyəti) verməsi, onun öz maşınını özünün gündəlik ehtiyacı ilə bağlı işlərinin yerinə yetirilməsi üçün istifadə etməsinə hüquqi bir maneə təşkil etmədiyi kimi, T-yə də bu maşını öz ehtiyac və istəyinə görə istifadə etməyə də hüquqi əsas vermir. Hətta bu son qeyd olunan halda M-in, ümumiyyətlə T-yə maşından istifadə etmək səlahiyyəti vermək niyyəti belə yoxdur. Çünki M, T-yə etibarnaməni onun adından əqd bağlaması (avtomobilin onun adından satılması və ya dəyişdirilməsi üçün müqavilələr bağlamaq) üçün vermişdir, yoxsa özünün istifadəsində olan maşınını T-nin istifadə etməsi üçün deyil. Buna görə də verilən bu misalda T, sırf ona verilən bu etibarnaməyə əsaslanaraq M-in əlavə razılığını almadan onun maşınından istifadə etmək (sürmək) haqqına malik deyildir.

Bütün bunlar isə İXM-in bəhs edilən müddəalarının (m. 332.1, 96.1.1 və 97.1) hüquqi məntiqinin olmadığını, üstəlik öz içərisində də ziddiyyətli olmaqla yanaşı, həm də Konstitusiyaya da zidd olduğunu açıqca göstərir. Konstitusiyanın 149-cu maddəsinə və Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanununun 2-ci maddəsinə görə konstitusiyaya zidd olan qanunvericilik normalarının hüquqi qüvvəsi yoxdur.

NƏTİCƏ:

1. İXM-in 332.1, 96.1.1 və 97.1-ci maddələrinə əsasən notariat qaydasında təsdiq edilmiş yazılı etibarnamə olmadığı üçün tətbiq olunan inzibati tənbeh tədbirləri mülki qanunvericilik sisteminə, etibarnamənin mahiyyətinə və konstitusiyaya zidd olduğu üçün hüquqa ziddir;

2. Konstitusiyanın 149-cu maddəsinə və Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanununun 2-ci maddəsinə görə İXM-in 332.1, 96.1.1 və 97.1-ci maddələrinin hüquqi qüvvəsi yoxdur.

Millitribuna.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir