“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlanıb

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

DİM-dən APA-ya verilən məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.

Məlumatda deyilir ki, qeydiyyatdan keçmək üçün abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər Xüsusi Qabiliyyət Tələb edən İxtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Qeydiyyatdan keçən abituriyentlər DİM tərəfindən elan olunacaq tarixdə qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir