“İşgüzar birliklər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təkan verəcək”

“Yeni ilədək kənar amillərə baxmayaraq, hamı vəziyyətə uyğunlaşacaq”.

“Report”un Rusiya bürosuna verdiyi müsahibədə iqtisadçı ekspert Yeqor Pospelov dünyanı bürüyən böhran, Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyət, Rusiya ilə əməkdaşlıq əlaqələri barədə söhbət açıb.

Koronavirusun dünya iqtisadiyyatına təsiri barədə nələri deyərdiniz?

Koronavirus iqtisadiyyatı yavaşladıb, ticarət dövriyyəsi azalıb, müxtəlif ölkələrdəki bir çox müəssisələr istehsalı dayandırmalı oldu. Eyni zamanda onlayn alış-verişin həcmi dəfələrlə artdı, sahibkarlıq subyektlərinin bir qismi başqa sahəyə yönəldi. Bu da yeni bazarların yaranıb inkişaf edəcəyinə, iqtisadiyyatın daha da şaxələnəcəyinə ümid yaradır.

Bəs MDB ölkələrində iqtisadi vəziyyət necədir?

Sözsüz ki, hər ölkənin öz xüsusiyyətləri var, amma yenə də iqtisadi böhranın yeni yollar axtarışına, iqtisadiyyatı yeni istiqamətlərə yönəltməyə vadar edəcəyini düşünürəm.

OPEC+ formatının iştirakçı ölkələri arasında hasilatı azaltmaq barədə razılaşma neftin qiymətinə necə təsir edəcək? Mövcud vəziyyət nə qədər davam edər, bazar nə vaxt dirçələcək?

Gedişat göstərir ki, iqtisadi və başqa sarsıntılar getdikcə daha çox baş verəcək. Bəlkə də, yaxın vaxtlardan elə bir vəziyyət yaranacaq ki, iqtisadiyyatın hansısa sahələri hər il dağılacaq və qısa müddət ərzində yenidən dirçələcək. Yəni iqtisadiyyat get-gedə sürətlənərək yeni-yeni şəkillər alır. Odur ki, indidən daha çevik, daha şaxələndirilmiş iqtisadiyyat qurulmalıdır. Vəziyyət getdikcə daha sürətlə bərpa olunacaq. Hazırda pandemiyanın nə zaman başa çatacağı, yeni dalğanın gəlib-gəlməyəcəyi, gələcəksə ona nə dərəcə hazır olacağımız bəlli olmadığı üçün əvvəlcədən nəsə demək çətindir. Amma, məncə, yeni ilədək kənar amillərə baxmayaraq, hamı vəziyyətə uyğunlaşacaq.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq hansı sahələrdə daha səmərəli inkişaf edir? Ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün imkanlar nə qədərdir?

İşgüzar birliklər münasibətlərimizin inkişafına yeni təkan verə bilər. Təkcə böyük layihələrdə yox, daha kiçik və ixtisaslı sahələrdə də qarşılıqlı əməkdaşlıq olmalıdır. Əlaqələrin tədricən qurulub sahmana salınması bazara çıxmağın hər iki tərəf üçün aydın olan modellərini ortaya qoyacaq. Həmçinin ən çox tənzimlənmiş, maya dəyərinin az olduğu sahələrdə qarşılıqlı əməkdaşlıq dərinləşdirilməlidir.

Rusiyada Azərbaycan məhsullarına tələbat nə qədərdir?

Sözsüz ki, ölkələrimiz kənd təsərrüfatı sahəsində yaxından əməkdaşlıq edir, bu sahədə ticarət dövriyyəsi artmaqda davam edir. Bu da məhsullara xeyli tələbat olduğuna bariz nümunədir.

Ölkələrimiz bu böhrandan nə qədər tez çıxa bilər?

Fikrimcə, düzgün idarəçilik və böhrana qarşı müvafiq tədbirlər tətbiq olunsa, yaxın vaxtlarda iqtisadiyyat artıma, hətta sürətli artıma keçə bilər. Ona görə də təkcə ölkə daxilindəki bütün qurumlar arasında səmərəli dialoq yox, xarici əlaqələr də səmərəli şəkildə qurulmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir