Sahil Babayev: “250 manatlıq iş təklif edirik, işləmək istəmirlər…”

“Ödənişi ilk ayda alan, ancaq sonradan işə düzələn və ya sahibkarlıq fəaliyyətinə başlayan olarsa, onlar bu ödənişlərdən kənarlaşdırılacaq”.

Bunu “REAL TV”yə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, bu mexanizm davamlı olaraq icra edilir və may ayının sonunadək 2 aylıq ödəniş tam şəkildə yekunlaşdırılacaq: “Artıq 6 mayda 600 mininci insana 190 manatlıq ödəniş edildi. Paralel olaraq bu insanların hər birinə bank kartlarının açılmasına dair tapşırıqlar verildi və bank kartları onlara təqdim olunmağa başlayıb. İkinci ay ödənişləri artıq bank kartları üzərindən alınacaq. Bu proses mayda da davam etdirələcək”.

Sahil Babayev bildirib ki, 250 manatlıq ictimai iş təklifinə cəmi 21 nəfər müsbət cavab verib: “Haqqı ödənilən ictimai iş qat-qat üstündür. Burada əmək müqaviləsi var, vətəndaşın sosial sığortası, işsizlikdən sığortası ödənilir, onun gələcək pensiya təminatı yaranır və bu insan işləməyə başlayır. Digər tərəfdən, bu, aktiv məşğulluq tədbiridir, 190 manat isə passiv məşğulluq tədbiridir. Passiv məşğulluq tədbiri getdikcə portfel olaraq azalmalıdır və biz bu trendi koronavirus pandemiyası başlayana qədər tutmuşduq. Əksər insanları işsizlik müavinəti və sığortasından, ünvanlı sosial yardımdan özünüməşğulluğa, haqqı ödənilən ictimai işlərə və digər proqramlara cəlb edirdik. Burada da məqsəd insanların əmək bazarına qazandırılmasıdır.

İmtina alan 4500 vətəndaşdan cəmi 21 nəfər ictimai işə razılaşdı. Bu onun göstəricisidir ki, həqiqətən, insanın o məbləğə ehtiyacı yoxdur. Ehtiyacı olan insan əməkhaqqı ilə işləməyə razı olardı.

İkincisi isə onun göstəricisidir ki, vətəndaş işləmək istəmir. Onun qeyri-formal işi, gəlir mənbəyi var, ona görə işləmək istəmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir