Başçıların ordenləri hansı halda geri alına bilər?

“Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılan icra başçılarının layiq görüldüyü fəxri adlar və dövlət təltifləri ancaq məhkəmə qərarı ilə alına bilər”.

Bu sözləri Axar.az-a hüquqşünas Səməd Vəkilov həbs edilən icra bşçılrının zamanında layiq görüldükləri fəxri adların onların əlindən alınması ilə bağlı səsləndirilən fikirləri aydınlıq gətirərkən deyib.

S.Vəkilov bildirib ki, məhkəmə istintaqı başa çatandan sonra onların təqsiri sübuta yetirilərsə, fəxri adları alına bilər:

“Cəza növlərində biri də fəxri adlardan və dövlət təltiflərindən məhrum edilmədir. Bu, məhkəmənin səlahiyyətinə aiddir. Bütün bunlar gələcək məhkəmə istintaqı zamanı müəyyən olunacaq. Əgər məhkəmə qərara alsa ki, fəxri adlardan və dövlət təltiflərindən müttəhim məhrum edilsin, həmin şəxslərin layiq görüldüyü bütün fəxri adlar və dövlət təltifləri alınacaq”.

Xatırladaq ki, DTX-nın əməliyyatları ilə rüşvətə görə həbs edilən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev “Şöhrət” ordeni, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir