Alimentin alınma qaydaları

Vəkil Rövşən Qasımov yazır…

“Aliment” latın sözü olub, qida, yemək deməkdir. İzdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərc mənasında işlədilir. Aliment valideynlər arasında bağlanan saziş əsasında və ya məhkəmə qətnaməsi əsasında ödənilə bilər.
Aliment həm atadan, həm anadan tutula bilər. Adətən azyaşlı uşaqlar ananın yanında qalsa da, bu, məcburi deyil. Yəni, məhkəmə valideynin həyat tərzini, maddi vəziyyətini, uşağın maraqlarını əsas götürərək uşağın atanın yanında qalmasını müəyyən edə bilər. Bu halda atanın tələbi ilə anadan alimentin alınması da müəyyən oluna bilər.

Alimentin məbləği aşağıdakı qaydada müəyyən edilir

Əgər valideynin rəsmi iş yeri və sabit gəliri varsa, o zaman aliment uşaqların sayından asılı olaraq aşağıdakı qaydada tutulur:

1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bəzən aliment sabit pul məbləğində də tutula bilər. Belə ki, valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud qazancı yoxdursa, həmçinin alimentin valideynin gəlirindən müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu hallarda aliment məhkəmə qaydasında sabit pul məbləğində tutula bilər.
Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Ər-arvad bir-birinə maddi cəhətdən kömək etməlidir.

Aşağıdakı hallarda ər-arvad aliment alınmasını tələb edə bilər:

– Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
– Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;
– Sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad – uşaq 18 yaşına çatanadək;
– 18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ya ehtiyacı olan ər və ya arvad.

Eyni zamanda nikaha xitam verildikdən sonra keçmiş ər və ya arvad da aliment ödənilməsini tələb edə bilər:

– Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
– Sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
– Nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
– Ər-arvad uzun müddət nikahda olublarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Bu halda alimentin miqdarı sabit pul məbləğində müəyyən olunur. Keçmiş ər(arvad) yeni nikaha daxil olarsa, o zaman aliment öhdəliklərinə xitam verilir. Əgər maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirərsə, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda, nikah çox çəkmədikdə məhkəmə tərəfləri aliment öhdəliklərindən azad edə bilər.

Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Əgər aliment ödəməli şəxs xarici ölkəyə gedirsə, o zaman aliment alan şəxs məhkəməyə müraciət edib aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilər.

Aliment öhdəliklərinə xitam verilməsi:

– uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
– aliment ödənilən uşaq övladlığa götürüldükdə;
aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
– aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
– əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

Son vaxtlar Azərbaycanda aliment ödəməkdən yayınanlara qarşı cəza tədbirlərinin sərtləşdirilməsinə baxmayaraq, bu sahədə müsbət dəyişiklik müşahidə edilmir. Qanunvericilik bazasının təkmilləşdirilməsindən sonra bir neçə dəfə aliment ödəməkdən imtina edənlərin ölkədən çıxmasının qarşısı alınsa da, bu addımlar effekt verməyib. Düzdür, biz bir müddət vəziyyətin müsbətə doğru dəyişdiyini müşahidə etdik. Lakn hazırda alimentin ödənilməsi məsələsində yenə də ciddi problemlər var. Ya ata tez-tez ünvanını dəyişir, ya da alimenti ödəmək imkanının olmadığı kimi bəhanələr gətirir. Nəticədə isə uşaqların sosial durumu daha da ağırlaşır. Hesab edirəm ki, bu məsələdə həm də düşüncə tərzini dəyişmək lazımdır. Çünki normal insan boşanmış olsa belə, öz övladının maddi təminatını vaxtı-vaxtında ödəməyə borcludur.

Bu gün boşanmış ailələrin ən böyük problemi alimentlə bağlıdır. Çünki adətən məhkəmələrdə aliment məsələsi müzakirə olunarkən çıxarılan qərardan tərəflər narazı qalır. Bəzən isə çıxarılmış qərar hətta yeni bir münaqişənin əsasını qoyur. Ümumiyyətlə isə müvafiq qanunvericiliyə əsasən, əgər keçmiş ərin rəsmi iş yeri varsa, onun aylıq məvacibinin 1/4 hissəsi bir uşaq üçün aliment kəsilməlidir. Məsələn, atanın aylıq məvacibi 200 manatdırsa, onun 50 manatı uşağa ödənilməlidir. Amma burada bir məqam da var ki, bir uşaq üçün nəzərdə tutulan aylıq aliment bir uşaq üçün nəzərdə tutulmuş ehtiyac meyarından, yəni 170 manatdan az olmamalıdır. Bu baxımdan məhkəmələr qərar qəbul edərkən bunu mütləq nəzərə almalıdırlar.

Digər tərəfdən Ailə Məcəlləsinin 76-cı maddəsində göstərilib ki, ata iki uşağa görə aylıq maaşının 1/3, 3 uşağa görə isə yarısını aliment şəkilində ödəməlidir. Qanunvericilikdə o da vurğulanır ki, əgər atanın rəsmi iş yeri yoxdursa, onda onun sabit pul məbləğindən bir uşaq üçün yaşayış minimumu məbləğində aliment kəsilməlidir.

Millitribuna.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir