ABŞ və Avropanın 9 ölkəsi birgə bəyanat yaydı

Dünya birliyi dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət etməyə dəvət edildi.

“Report” xəbər verir ki, bu barədə İkinci Dünya müharibəsinin Avropada başa çatmasının 75 illiyi münasibətilə ABŞ dövlət katibi və Avropanın 9 ölkəsinin xarici işlər nazirlərinin verdikləri birgə bəyanatda bildirilir.

“Beynəlxalq ictimaiyyətə xatırladırıq ki, uzunmüddətli beynəlxalq təhlükəsizlik, sabitlik, sülh üçün bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüquq normalarına həqiqi və davamlı olaraq əməl edilməlidir. İkinci Dünya müharibəsinin amansız dərslərindən ibrət götürərək biz beynəlxalq ictimaiyyəti nüfuz dairələri konseptindən qətiyyətlə imtina etməklə bizə qoşulmağa və bütün suveren millətlərin bərabərliyi prinsipinə sadiq olmağa çağırırıq”, – bəyanatda deyilir.

Qeyd edək ki, ABŞ, Bolqarıstan, Çex Respublikası, Estoniya, Latviya, Litva, Macarıstan, Polşa, Rumıniya və Slovakiya xarici işlər nazirlərinin imzaladıqları bu bəyanatda müharibənin sona çatması nəticəsində Avropanın heç də bütün millətlərinin azadlıq əldə etmədikləri, qitənin orta və şərq hissəsinin SSRİ-nin təzyiqi nəticəsində daha 50 il ərzində kommunist rejimləri altında qaldığı, milyonlarla avropalının təməl hüquq və azadlıqlarından məhrum edildiyi qeyd olunur.

“Bu gün biz insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin üstün olduğu güclü və azad Avropanın bərqərar olması üçün birgə çalışırıq. Gələcək tarixi faktlar, totalitar rejimlərdən zərər çəkənlər üçün ədalət üzərində qurulmalıdır. Biz bu prinsiplərə əməl etməyə maraqlı olan hər kəslə dialoqa hazırıq. İkinci dünya müharibəsi, müharibənin fəsadları başda olmaqla tarixi hadisələrlə oynamaq tarixin saxtalaşmasına təəssüfləndirici cəhdlərin əsasını qoyur”, – bəyanatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir