Ölümlə hədələnən dahi azərbaycanlı – Faktlar

Bu gün görkəmli xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin doğum günüdür.

Kult.az Əzim Əzimzadə ilə bağlı 8 faktı təqdim edir:

1. Əzim Aslan oğlu Əzimzadə 1880-ci ildə Novxanı kəndində dünyaya göz açıb. Atası Aslan kişi oğlunun təhsili üçün şəhərə köçüb, bənnalıq edib.

2. İlk təhsilini mollaxanada alan Əzim bir müddət sonra rus-tatar məktəbinə daxil olub. Burada oxuduğu illər ərzində rəsm çəkməyə xüsusi həvəs göstərib, ədəbi əsərlərə illüstrasiyalar çəkib.

3. İbtidai təhsilini uğurla bitirdikdən sonra iş adamı Ağabala Quliyevin evində çalışmağa başlayıb. Burada həmin sahibkarın evini dekorativ şəkillərlə bəzəmək üçün dəvət olunan Maslov soyadlı rus rəssamın yanında təsviri sənətin sirlərinə yiyələnməyə başlayıb.

4. Əzim Əzimzadə yaradıcılığında əsrlərdən bəri formalaşan Təbriz miniatür məktəbi ilə rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib.

5. Onun rəssamlıq sahəsində ilk ciddi addımları “Molla Nəsrəddin” dərgisində nəşr etdirdiyi karikaturaları ilə əlaqədardır. Yalançı mollaların karikaturasını çəkən Əzim buna görə onlar tərəfindən dəfələrlə ölümlə hədələnib.

6. 1914-cü ildə Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoyub.

7. Ə.Əzimzadənin teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

8. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub.

Qeyd edək ki, Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb, evin yaxınlığındakı bağda büstü qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir