Bakı və Abşeronda 5 avtomobil qaçıranlar saxlanıldı

Abşeron rayonu Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsi qaçırılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Avtomobilin sahibi bu barədə polisə məlumat verən kimi dərhal nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbirlər nəticəsində avtomobilin Suraxanı rayonun ərazisində olduğu müəyyən edilib.

DİN Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tahir Atakişiyev və Heydər Əkbərov tutularaq məsuliyyətə cəlb olunublar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər Abşeron rayonundan başqa paytaxt ərazisində daha 3 “VAZ 2107” və 1 ədəd “BMW” markalı nəqliyyat vasitəsini oğurlayıblar. Tahir Atakişiyev və Heydər Əkbərov ifadələrində maşınları sökərək ehtiyat hissələri halında satmaq üçüm qaçırdıqlarını bildiriblər. Amma onlar oğurladıqları avtomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər. Digər nəqliyyat vasitələri isə polislər tərəfindən aşkar olunaraq sahiblərinə qaytarılıb. Polis Bölməsində araşdırma aparılan zamanı Tahir Atakişiyevin paytaxtın Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Tahir Atakişiyev və Heydər Əkbərovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir