Avstriyanın paytaxtı “Dünyanın ən yaşıl şəhəri” seçilib

Avstriyanın paytaxtı Vyana şəhəri 2020-ci il üzrə “Dünyanın ən yaşıl on şəhəri” renkinqində birinci yerə layiq görülüb.

Millitribuna.az bildirir ki, renkinq Kanada-amerikan konsaltinq şirkəti “Resonance” tərəfindən hazırlanıb. Renkinqdə dünyanın 100-dən artıq şəhərində park və ictimai yaşıllıqların şəhərin ümumi sahəsində pay nisbəti, bərpa olunan enerji mənbələrindən istifadə, havanın təmizliyi, piyadalar üçün yollar, ictimai nəqliyyat və eləcə də regional məhsulların təqdim olunduğu bazarlarla bağlı vəziyyət araşdırılıb.

“Dünya günü”nün 50 illik yubileyi münasibətilə tərtib olunan siyahıda Vyanadan sonrakı yerlərdə Münxen, Berlin və Madrid şəhərləri dayanır. İlk onluğu San Paulu (Braziliya), Mançester (Böyük Britaniya), Lissabon (Portuqaliya), Sinqapur, Amsterdam (Niderland Krallığı) və Vaşinqton (ABŞ) şəhərləri tamamlayır.

Vyana şəhərinin qalib gəlməsində əsas faktorlar arasında bu şəhərdə tətbiq olunan müasir mobillik ideyaları və ictimai parkların çoxluğu ön planda dayanıb. Vyananın üstünlükləri arasında Dunay Subasarı Milli Parkının bir hissəsinin şəhər ərazisinə də düşməsi olub. Şəhərin Vyana meşələrinin əhatəsində olması da hər metropolda rast gəlinməyən hal kimi dəyərləndirilib.

Vyana Şəhər Meriyasının məlumatına görə, şəhər ərazisinin 53 faizi “yaşıl zona”dan (ictimai və özəl parklar, meşə və çəmənliklər) ibarətdir.(azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir