Qarabağ məsələsi pandemiyadan sonra – qlobal yanaşma dəyişəcək?

İşğalçı ölkədə yeni siyasi təlatümlər gözlənilir; politoloq: “Rusiya Azərbaycan və Ermənistanı mövcud vəziyyətdə çox saxlaya bilməyəcək…”

Koronavirus onsuz da neçə vaxtdır dalanda olan Qarabağ danışıqlarını və bundan dolayı Qarabağ mövzusunu beynəlxalq gündəmdə bir az da arxa plana keçirib. Artıq bəllidir ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də pandemiyaya görə bir müddət öncə bölgədən gedib və təmas xəttində monitorinqlər aparılmır. Nəzərə alanda ki, Azərbaycan Ordusu ilə işğalçı qüvvələr arasında heç bir beynəlxalq ayırıcı qüvvə dayanmır, rəsmi İrəvan isə bu reallıqlar fonunda, üstəlik, nizamlama prosesini mənasız edən təxribatçı mövqe tutmağa davam edir, o zaman müharibə sövq-təbii sülhün yeganə alternativi kimi ortaya çıxır.

Pandemiyanın səngiməsi ilə Qarabağ konfliktinin hərb, yoxsa sülh yolu ilə həlli dilemmasına xeyli dərəcədə aydınlıq gələcəyi gözlənilir. Münaqişə bölgəsində vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi isə həmişəki kimi, müstəsna olaraq, işğalçı Ermənistanın nizamlama prosesinə, konkret olaraq, mərhələli həll variantına nəhayət ki, konstruktiv yanaşıb-yanaşmayacağından asılı olacaq. Çünki Azərbaycanın Dağlıq Qarabağ məsələsində gedəcəyi güzəşt yoxdur. Bakının ən böyük güzəşti təcavüzkara illərdir dözüm göstərməsidir.

“Ermənistan və Azərbaycan münaqişənin tərəfləri olsa da, danışıqlar masasında eyni ola bilməz. Çünki işğalçı və işğala məruz qalan bir ölkəni eyni qiymətləndirmək yanlışdır. Ermənistan bu reallığı unutmamalıdır. Bizim üçün torpaqlarımızın işğalı münaqişənin istənilən mərhələsinin əsas prioriteti olaraq qalır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasında çıxışı zamanı verdiyi bəyanat haqqında danışarkən deyib. Politoloq vurğulayıb ki, Mnatsakanyanın bəyanatı bundan öncəki bəyanatlardan fərqlidir: “Mnatsakanyan 10-15 gün öncə qeyd etmişdi ki, torpaqların geri qaytarılmasından söz belə gedə bilməz. Lakin indiki bəyanatında ”Ermənistan üçün konfliktin həllinin mərhələli və ya paket olacağı vacib deyil. Əsas məsələ həll planın reallaşdırılmasında tərəflərin balansı saxlamasıdır” deyir. Onun bu bəyanatını Ermənistanın danışıqlara hazır olması kimi qiymətləndirmək olar”.

 

Q.Hüseynli bildirib ki, Ermənistan danışıqlar prosesində işğal faktını nəzərə almadan davranır: “Ermənistan təkliflərində səmimi deyil. Çünki Ermənistanın danışıqlar prosesində konkret mövqeyi işğalçı ilə işğala məruz qalan bir dövləti eyni mərtəbədən qiymətləndirməkdir. Halbuki bu, mümkün deyil. Azərbaycan işğala məruz qalan ölkədir. Bu, danışıqların ilkin, dəyişməz faktıdır. Ermənistan dəfələrlə beynəlxalq hüquqdan danışıb, ”xalqların öz müqəddaratını həll etməsi”ni vurğulayır. Azərbaycan bu hüququ danmır və qəbul edir. Azərbaycan prezidenti də hər dəfə bu məsələyə toxunaraq deyib ki, biz Ermənistan xalqının öz müqəddəratını təyin etməsinə hörmətlə yanaşırıq. Bu artıq bir dəfə olub və Ermənistan dövləti bu hüququn məntiqi yekunudur. Lakin Azərbaycan torpağında ikinci bir erməni dövləti qəbuledilməzdir. Ermənistan tərəfi bu qədər beynəlxalq hüquqdan danışdığı halda özü beynəlxalq hüququn şərtlərini kobudca pozmaqdadır. Mövcud münaqişə və Ermənistan tərəfinin mövqeyi bunun bariz sübutudur”.

Politoloqa görə, Ermənistan XİN başçısının bəyanatındakı ritorikaların müəyyən qədər yumşalmasında Rusiya faktorunun rolu var. “Son vaxtlar Qarabağ münaqişəsi ətrafında diplomatik müzakirələrin intensivliyi müşahidə olunur. Xüsusilə də Rusiya XİN rəhbəri Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı mövqeyindən sonra Ermənistanın sərt ritorikası buna misal ola bilər. Lavrovun təklifindən sonra İrəvanın reaksiyası adekvat deyildi. Lakin hazırda biz Mnatsakanyanın daha mülayim fonda bəyanatının şahidi oluruq. Aydın məsələdir ki, Mnatsakanyanın danışıq tərzinin dəyişməsində Rusiya faktoru var. Çünki əslində Lavrovun bu bəyanatı həm də Ermənistana bir ultimatum idi. Faktiki olaraq Rusiya olmasa və iki ölkə təkbətək qalsa, bunun Ermənistan üçün nəticəsi ağır olacaq. Bunu Ermənistan da bilir. Düşünürəm, sadəcə, Rusiya yenidən bu reallığı Ermənistana xatırladıb ki, Mnatsakanyan bəyanatındakı sərt ritorikanı mülayimləşdirib”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya ...

Öz növbəsində sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan və Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. Onun sözlərinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağla bağlı son bəyanatı, daha sonra isə Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın səsləndirdiyi fikirlərdə yeni nəsə yoxdur. “Təxminən 20-25 il ərzində danışıqlar prosesində bu və digər şəkildə bənzər fikirlər səsləndirilib. Sadəcə, bu fikirlər arasından Mnatsakanyanın dedikləri daha çox diqqət çəkdi. Əslində Mnatsakanyanın sözləri bir daha sübut edir ki, erməni tərəfinin mövqeyi, mahiyyəti dəyişməyib”, – deyə o qeyd edib.

Politoloqun fikrincə, Rusiya faktiki olaraq MDB məkanındakı münaqişələrə nəzarət edə bilmir: “Ermənistan tərəfinin etnik təmizləmə siyasəti bu gün də qüvvədədir. Bunu İrəvanın işğal olunmuş Dağlıq Qarabağın ətrafındakı rayonların təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu vurğulaması növbəti dəfə sübut edir. İrəvan bu fikirləri uzun illərdir deyir. Hətta bildirirdilər ki, biz Dağlıq Qarabağ ətrafı rayonları Dağlıq Qarabağın müstəqilliyi və ya Ermənistana birləşdirilməsi şərti ilə Azərbaycana qaytaracağıq”.

Sabiq xarici işlər naziri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət artıq tam dəyişib: “Artıq Azərbaycan ictimaiyyəti də düşünür ki, münaqişənin həlli danışıqlar yolu ilə mümkün deyil. İnsanlar bu danışıqların tərəflərin mövqelərini bildirməsindən başqa bir işə yaramadığını yaxşı anlayır”.

Sabiq nazirin qənaətincə, koronavirus pandemiyası beynəlxalq aləmdə əsaslı dəyişikliklərin baş verəcəyini göstərir: “Bu gün Rusiya da münaqişənin həllində əsaslı nəsə edə bilmir. Rusiya MDB məkanındakı münaqişələrin həllində acizdir. Özü də bunu yaxşı anlayır və Lavrovun timsalında verdiyi bu bəyanatlar, sadəcə, gündəmi aktual saxlamağa yönəlib. Lakin bu bir həqiqətdir ki, Rusiya Azərbaycan və Ermənistanı mövcud vəziyyətdə çox saxlaya bilməyəcək”.

Dağlıq Qarabağ ixtilafının həll olunmuş qalması isə şübhəsiz ki, həm də Ermənistandaxili durumla, bu məsələnin uzun illərdir hakimiyyət uğrunda mübarizədə əsas amilə çevrilməsi ilə bağlıdır. Hakimiyyəti ələ keçirən də, onu itirən və müxalifəti təşkil edən qüvvələr də Qarabağ mövzusundan daima rəqiblərə qarşı siyasi şantaj, spekulyasiya predmeti kimi istifadə eləməyə çalışır.

Hazırkı durum, baş nazir Nikol Paşinyanla onun siyasi opponentləri arasında özünü göstərən sərt rəqabət buna şübhə yeri qoymur. Bu da o anlama gəlir ki, işğalçı ölkədə pandemiyadan sonra da yeni, böyük siyasi təlatümlər istisna deyil və Azərbaycan bundan Qarabağ naminə yararlanmağı bacarmalıdır.

Aleksandr Perenciyev: "MDB ölkələrində faşistlərin bütün abidələri ...

Aleksandr Perenciyev

“Ermənistanda çevriliş baş tuta bilər”. Bunu rusiyalı politoloq Aleksandr Perenciyev deyib.

“Rəhbər zənginliyin, maliyyə vasitələrinin daxilolma mənbələrini itirəndə həm də hakimiyyətini itirmiş olur. Paşinyanın ətrafı yenidən eyni şeyi həyata keçirəcək, amma bu dəfə inqilab yerinə saray çevrilişi baş verəcək. Ona görə də məhz Paşinyanın ətrafı KİV-ə onun işğal edilmiş əraziləri Azərbaycan və Türkiyənin iqtisadi blokadasının ləğv edilməsi qarşılığında qaytarması haqqında məlumat sızdırır. Bunun məqsədi isə Paşinyanın milli xəyanətdə ittiham edilməsi üçün şəraitin yaradılmasıdır. Ona görə də Ermənistanda hakimiyyət strukturlarında çevriliş yaranması ehtimalı artır”, – deyə o bildirib.

Perenciyev Azərbaycan “kartı”nın Ermənistan hakimiyyəti daxilində oynanılacağını, amma hakimiyyətə gələn heç bir qrupun işğal edilən torpaqları qaytarmayacağını deyib. “Əgər konfliktin sərtliyi artsa, Rusiya buna müdaxilə edəcək. Burada isə məsələ başqa cür olacaq. Əvvəla, rəsmi Moskva Azərbaycanı rəsmi İrəvan kompromisə getməyənə qədər dayandırmayacaq. İkincisi, Rusiya tərəfi yalnız diplomatik vasitələr tətbiq edəcək”.

Qarabağ məsələsində Rusiyanın mövqeyi sözsüz ki, önəmli olaraq qalır. Lakin bu mövqeyə pandemiyadan sonra əhəmiyyətli düzəlişlər ediləcəyi də mümkündür. Həmin düzəlişlərin daha çox Azərbaycana, yoxsa təcavüzkar Ermənistana faydalı olacağı isə yəqin ki, bölgədəki və dünyadakı geosiyasi durumla yanaşı, Bakı-Moskva və İrəvan-Moskva münasibətlərinin səviyyəsindən asılı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir