BMT-nin baş katibi: “Koronavirus 1 milyard əlilə təsir edib”

“Yeni növ koronavirus (COVID-19) pandemiyası dünyada 1 milyard əlilə təsir edib”.

Bunu BMT-nin baş katibi Antonio Quterreş videomüraciətində deyib.

“Bu gün COVID-19 pandemiyasının dünyada 1 milyard əlilə təsir etdiyini vurğulamaq istəyirəm. Hətta normal şəraitdə belə, əlilliyi olan şəxslərin təhsil, səhiyyə və iş imkanlarına çıxışı az olur. Əlilliyi olan şəxslər daha çox yoxsulluq içində yaşayırlar, daha çox zorakılıq, laqeydlik və istismarla üzləşirlər. Pandemiya bu bərabərsizliyi daha da dərinləşdirir və yeni təhdidlər yaradır. Biz pandemiya zamanı əlilliyi olan şəxslərin tibbi xidmətlərdən istifadəsi üçün bərabər şərtlərin təmin olunmasına zəmanət verməliyik”, – deyə baş katib bildirib.

O vurğulayıb ki, BMT bu məsələ ilə bağlı hesabat hazırlayıb: “COVID-19-un daha çox təsirinə məruz qalanlar arasında əlliliyi olan şəxslər üstünlük təşkil edir. Onlar ictimai səhiyyə məlumatlarını əldə etməkdə və tibb müəssisələrinə müraciət zamanı problemlərlə qarşılaşırlar. Əgər onlar COVID-19 virusuna yoluxsalar, vəziyyətlərinin ağırlaşaraq ölümlə nəticələnmə ehtimalı yüksəkdir. Biz əlliliyi olan yaşlı insanların qaldığı qayğı evlərində koronavirusdan ölüm hallarının 19-72 faiz arasında dəyişdiyini görürük”.

A. Quterreş qeyd edib ki, pandemiya zamanı əlilliyi olan şəxslərin tibbi yardıma çıxışına zəmanət verilməlidir.

BMT-nin baş katibi hökumətləri əlilliyi olan şəxslərlə məsləhətləşməyə, onlarla əlaqə saxlamağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir