“Trampın iki mühafizəçisi Venesuelada saxlanılıb” – Maduro

Venesuelada dövlət çevrilişinə cəhdə görə saxlanılanlar arasında iki ABŞ vətəndaşı da var.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuelanın dövlət başçısı Nikolas Maduro bildirib.

O, həmin şəxslərin ABŞ prezidenti Donald Trampın şəxsi mühafizə xidmətinin əməkdaşları olduğunu açıqlayıb.

Karakasda çıxış edən prezident deyib ki, respublikada dövlət çevrilişini həyata keçirmək fikrində olan 10-dan çox muzdlu tutulub.

“13 terrorçu tutulub. Biz onların öz planlarının həyata keçirilməsi üçün istifadə etmək fikrində olduqları materialları götürdük. Narkotik vasitələr, dollar, silah, peyk telefonları, radioqəbuledicilər, gecəgörmə cihazları tapılıb”, – Maduro bildirib.

“Saxlanılanlardan biri ilk ifadəsində bildirdi ki, müdaxilə qrupunda ABŞ-ın iki vətəndaşı, prezident Donald Trampın şəxsi mühafizəsinin əməkdaşları var”, – Maduro deyib.

Venesuela prezidenti əlavə edib ki, cinayətkarların tutulmasında iştirak edən hər kəs mükafatlandırılacaq və onların vəzifələri yüksəldiləcək.

Mayın 3-də Venesuela hakimiyyəti ölkəyə Kolumbiyadan gələn, Bolivar respublikasında dövlət çevrilişini həyata keçirmək fikrində olan muzdlular qrupunun qarşısını almağı müvəffəq olduğunu xəbər verib.

Venesuelanın Konstitusiya Assambleyasının sədri Dosdado Kabelonun sözlərinə görə, muzdlular qayıqlarda ölkəyə daxil olmağa çalışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir