Niyaməddin Musayev: “Hər gün idmanla məşğul oluram”

Xəbər verdiyimiz kimi ötən həftə prezident İlham Əliyev xalq artisti Niyaməddin Musayevi Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək ordeni” ilə təltif etdi.

Qeyd edək ki, xalq artisti iyunun 1-də 80 illik yubilieyini qeyd edəcək.

Bu münasibətlə “Yeni Müsavat”ın əməkdaşı Niyaməddin Musayevlə söhbətləşib:

– Bu cür təltif olunacağınızı gözləyirdinizmi?

– Ümumiyyətlə gözləmirdim ki, cənab prezident bu cür karantin, qarışıqlıq dövründə məni yada salıb, təltif etsin. Məni nəzərindən qaçırmadığı üçün prezidentə təşəkkür edirəm. Əlbəttə ki, 80 illik yubileyimlə bağlı mənə verilən bu dəyər çox sevindiricidir.

– Karantin günlərinizi necə keçrirsiz?

– Karantin günlərimi evdə keçirirəm. Bütün günü idmanla məşğul oluram. Gün necə gəlib-geçir, heç bilmirəm.
Bu günlərdə evdə qalmağımız vacibdir. Prezident də öz vətəndaşlarının sağlamlığının qayğısına qalaraq, karantin rejimi tətbiq edib. Biz də bir vətəndaş kimi bu ölkənin qanun-qaydalarına hörmət etməliyik.

– Əvvəllər də idmanla məşğul olurdunuz ya karantin günlərində özünüzü məşqlərə həst etdiniz?

– Hər zaman məşqlərimə davam etmişəm. Hazırda idman zalları bağlı olduğu üçün evdə məşq edirəm.

– Yəqin ki, buna görə də 80 yaşınızda da gümrah qala bilmisiz.

– Yəqin ki…

– Pandemiya olmasaydı, yubileyinizi daha geniş şəkildə keçirməyi düşünürdünüzmü?

– Düşünmürdüm. Əsas diqqət olunub, bu mənə bəs edir. Düşünürəm ki, yubileyimi nəvələrimi, yaxınlarımı bir yerə yığıb da keçirmək olar, təmtərağa ehtiyac yoxdur.

Qeyd edim ki, yubileyim hələ bir ay sonra, iyunun 1-də olacaq. Sağ olsun prezidentimiz, əvvəlcədən öz dəyərini verdi, yubileyimi təbrik etdi.

– Amma nədənsə mətbuatda doğum gününüzün mayın 1-də olduğu qeyd edilirdi.

– Yox, düz yazmyıblar… Bildiyiniz kimi prezident məni Azərbaycanda etrada sənətinin inkişafında xidmətlərinə görə təltif edib. 1978- ci ildə mənim “Röya” ansamblımın yaranması ilə Azərbaycan milli estradasının əsası qoyuldu. Doğrudur, ona qədər estrada var idi, amma truba, saksafon alətlərinin ifasında səslənirdi. Lakin “Röya” ansamblından sonra hər şey dəyişdi. Bu məsələ ulu öndər Heydər Əliyevin də nəzərindən qaçmamışdı və 2000-ci ildə milli estradanın yaradıcısı, bəstəkar, novator kimi məni “Şöhrət” ordeni ilə təltif etdi. İlham Əliyev də onun davamçısı kimi əsl sənət adamlarını diqqətdən kənarda qoymur. Bunun üçün bir daha prezidentimizə təşəkkür edirəm.
Sizə də təşəkkür edirəm ki, siz jurnalistlər də mənə qarşı hər zaman diqqətli olmusuz. Elə bu səbəbdən bu gün sizə bu qədər çox açıqlama verdim, adətim üzrə lokonik danışmadım.

– Əslində sizin çox da müsahibə verməyi xoşlamadığınızı bilirəm. Amma sualımı mütləq vermək istəyirəm. Dediniz ki, heç bir vaxt idman məşqlərinizdən qalmamısız. Bəs yaradıcılıq?

– Əlbəttə, yaradıcılığı da unutmuram. Evdə mahnılar yazıram. Hətta deyərdim ki, karantinin olması bir fürsət verib ki, evdə daha çox özümüzə vaxt ayırıb, mahnılar yazaq.

– Yaradıcılığa da davam yəni?

– Əlbəttə. Sənətimdən heç vaxt kənarda qala bilmərəm.

– Bu günlərdə ən çox nə üçün darıxırsınız?

– Doğrudur, dostlarımızla, yaxınlarımızla hər gün telefonla zəngləşib, hal-əhval tuturuq. Amma çox arzulayıram ki, bu koronavirus bəlası tez qurtarsın, insanlar əvvəlki kimi rahat hərəkət edə bilsinlər. Ən çox bunun üçün darıxıram…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir