Dünya ABŞ-dan 10 suala cavab gözləyir

Çinin əsas rəsmi qəzeti təbliğat əks-hücumuna keçdi.

“Jenmin Jibao (Çin), 02.05.2020

ABŞ-da xəstəliyin ilk qeydə alındığı 20 yanvardan bəri 100 gündən çox vaxt keçib. Təsdiqlənmiş yoluxma hallarının sayı 1 milyonu adlayıb, Birləşmiş Ştatlar dünyada təsdiqlənmiş koronavirus halları və ölümlərin ən çox olduğu ölkəyə çevrilib. ABŞ-dakı epidemioloji vəziyyət günbəgün mürəkkəbləşir, lakin bəzi Amerika siyasətçiləri epidemiya ilə mübarizə aparmır, əksinə, yalan məlumatlar yayır və başqalarını günahlandırırlar. Buna baxmayaraq, bu mövqe məsuliyyəti başqasının boynuna qoymağa imkan vermək əvəzinə, ABŞ-da epidemiyanın qarşısının alınması və ona nəzarətdə şübhəli məqamları ortaya çıxarır, habelə xarici aləmin diqqətini özünə çəkir. Amerika hökuməti 10 suala cavab və dünyaya izahat verməlidir.

1.Niyə ABŞ quş qripi virusunun modifikasiyası ilə bağlı ötən il bərpa edilmiş təcrübə barədə yenilənmiş məlumatları vermir?

Ötən ilin fevral ayında “Science” jurnalının saytında ABŞ hökumətinin quş qripi virusunu dəyişdirmək üçün sınaq keçirilməsini “səssizcə” təsdiqlədiyi bildirilib. H5N1 virusunun məməlilərə yoluxma qabiliyyətinə çevrilməsinə yönəlmiş həmin araşdırma mübahisəli və son dərəcə təhlükəli hesab edilib. Bəzi ekspertlər modifikasiyanın virusun insandan insana ötürülmə riskini artıra biləcəyinə inanırlar.

ABŞ hökumətinin bu sınaq dayandırıldıqdan 4 il sonra onu niyə davam etdirməyə qərar verməsi və niyə bu eksperimentlə bağlı heç bir yeniliyin olmaması sualına cavab verməlidi?

2.ABŞ Ordusunun Yoluxucu Xəstəliklər Tibb İnstitutu əvvəllər bağlı idi. Niyə?

“Qlobal Biodefence” veb-saytının məlumatına görə, ABŞ Ordusunun Yoluxucu Xəstəliklər Tibb İnstitutu – qərargahı Merilend ştatının Fort Detrik şəhərində yerləşən ABŞ ordusunun əsas institutu və bioloji tədqiqat mərkəzi – fəaliyyətlərini bərpa edib. Keçən ilin iyul ayında instituta bioloji agentlərin və toksinlərin öyrənilməsini dayandırmaq əmri verilib. Mart ayında Ağ Evin saytında institutun bağlanmasının aydınlaşdırılmasını tələb edən bir petisiya yerləşdirilib. Bu məsələ böyük ictimai narahatlığa çevrildikdən sonra ABŞ hökumətinin cavabı nədir?

3.Keçən il ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi COVID-19 yoluxmasına bənzər bir ssenari hazırlayıb. Bu təsadüfdür?

Mart ayında “The New York Times” ABŞ hökumətinin bir hesabatına istinad edərək, 2019-cu ilin yanvar-avqust aylarında ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin “Tünd qırmızı infeksiya” adlı bir ssenaridən istifadə etdiyini bildirib. Həmin ssenaridə Çinə səfər etmiş bir qrup turistin ölkəni yoluxdurmasının imitasiyası var. Onlar virusa yoluxur və ABŞ da daxil olmaqla, müxtəlif ölkələrə səyahət edirlər.

Keçən ilin oktyabr ayında ABŞ-ın bir neçə təşkilatı “Event 201” adlı yüksək səviyyəli bir pandemiya məşqi keçirib. SARS-dən daha ağır simptomlar yaradan və tənəffüs yolları ilə adi qripi kimi yayılan uydurma CAPS virusunun ortaya çıxdığı, pandemiyaya çevrildiyi ssenariyə əsasən. COVID-19-da olduğu kimi, ssenaridə CAPS-a qarşı da peyvənd yoxdur.

Xəyali bir virusun COVID-19-a oxşar olması təsadüfdürmü? Başqa bir sual: əgər Birləşmiş Ştatlar belə bir pandemiyanı əvvəlcədən proqnozlaşdırmışdısa, koronavirusun yayılmasının ilk mərhələlərində niyə kifayət qədər effektiv profilaktik tədbirlər görülməyib?

4.ABŞ kəşfiyyatı koronavirus böhranı barədə ötən ilin noyabrında xəbərdarlıq etmişdi. Niyə xəbərdarlıqlara məhəl qoyulmadı?

“ABC”-nin aprel ayında verdiyi məlumata görə, 2019-cu ilin sonunda ABŞ kəşfiyyatçıları Hərbi Kəşfiyyat Agentliyi, Pentaqon və Ağ Evə Çinin Uhan şəhərində yoluxucu bir xəstəliyin yayıldığı barədə xəbərdarlıq ediblər.

Keçən ilin noyabr ayında Milli Tibbi Kəşfiyyat Mərkəzi (NCMI) daha sonra COVID-19 olaraq təyin olunan koronavirus pandemiyasını əks etdirən bir hesabat dərc edib. Bəzi analitiklər Uhanda baş vermiş hadisənin fəlakətli hadisəyə çevrilə biləcəyinə inanırdılar.

“The Washington Post” qəzetinin yazdığına görə, təxminən 2 ay əvvəl, yəni yanvar-fevral ayları arasında ABŞ prezidenti Donald Tramp ABŞ xüsusi xidmət orqanlarından intensiv olaraq koronavirus barədə xəbərdarlıqlar alıb. Niyə ABŞ hökuməti martın 13-dək ölkədə “fövqəladə vəziyyət” elan etməyib?

5.ABŞ qripdən ölənlərin arasında əslində, COVID-19-a nə qədər insanın yoluxduğunu müəyyən edə bilərmi?

Fevralın 21-də Yaponiyanın “Asahi” telekanalı qripdən öldüyü bildirilən təxminən 14 min insanın koronavirusa yoluxa biləcəyi barədə məlumat verib. Qısa zamanda bu məlumat müzakirə mövzusuna çevrilib.

Həmin ayın sonunda ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bu qışda ən az 32 milyon qrip hadisəsinin qeydə alındığını göstərən hesabtı açıqlayıb.

Martın 11-də ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Robert Redfild ABŞ-da qripdən öldüyü düşünülən bəzi insanların əslində, koronavirusa yoluxa biləcəyini etiraf edib.

ABŞ-da qripdən ölənlər arasında neçə nəfər COVID-19-a yoluxub? ABŞ hökuməti koronavirus epidemiyasını qriplə ört-basdır edibmi? ABŞ hakimiyyəti qrip virusu nümunələrini və onun genetik ardıcıllığını nə zaman dərc edəcək, yaxud DST və ya BMT-nin mütəxəssislərinə virusu seçib təhlil etməyə nə vaxt icazə verəcək?

6.ABŞ-da yeni növ koronavirus nə vaxt meydana çıxıb?

Yerli səhiyyə orqanları tərəfindən aprel ayının sonlarında açıqlanan bir hesabatda ABŞ-da koronavirusdan ilk ölümün elan edildiyi tarixdən 20 gün əvvəl, fevralın 6-da Kaliforniyanın Santa-Klara dairəsində 57 yaşlı bir qadının COVID-19-dan öldüyü ehtimal edilir.

“Los Angeles Times” qəzeti Santa-Klara dairə səhiyyə işçisi Sara Kodidən sitat gətirib: “Onların hər birinin cəmiyyət daxilində ötürücü olduğunu güman edirik və fevral ayının əvvəlində icmada virusun əhəmiyyətli yayılması mövcud olub”.

Dairənin icraçı direktoru Cefri Smit bildirib ki, bu, Kaliforniyada koronavirusun yanvar ayında və hətta ondan əvvəl də dövriyyəsini göstərir.

Kaliforniya qubernatoru Qevin Nyusom ştatın bütün dairələrində hələ ötən ilin dekabr ayında koronavirusdan ölməsi şübhəsi olan insanların yarılma ilə araşdırılmasını əmr edib.

ABŞ-da ilk koronavirus hadisəsi nə vaxt meydana çıxıb? O, Amerika cəmiyyətində koronavirusun yayılması haqda xəbər verildikdən daha əvvəl başlayıbmı?

7.ABŞ COVID-19 peyvəndini sınaqdan keçirməyə başlamaq üçün virus ştammlarını bu qədər tez necə əldə edib?

Martın 16-da “The Wall Street Journal” “Moderna Inc” eksperimental peyvəndinin insan üzərində ilk sınağı barədə xəbər verib. Mütəxəssislər dərhal vaksinlərin hazırlanma sürəti məsələsini qaldırıb, axı ABŞ-ın erkən mərhələdə virusun ştammlarını almaması halında hansısa peyvəndi inkişaf etdirməsi qeyri-mümkün idi. Bu baxımdan ortaya sual çıxır: ABŞ virus stammlarını nə vaxt və necə əldə edib? Belə tez peyvənd hazırlamağa necə başlayıb?

8.ABŞ hökuməti niyə pandemiyanı təhlükəli hesab etmir və ABŞ rəsmiləri səhmləri ucuz qiymətlə satmağa davam edir?

“The Washington Post” qəzetinin yazdığına görə, Senatın Kəşfiyyat Komitəsinin sədri Riçard Barr və arvadı birja fəlakətinə bir həftə qalmış 1.7 milyon dollar dəyərində səhm satıblar. Niyə bu məmurlar hökumətin pandemiyaya əhəmiyyət vermədiyi bir zamanda belə becid hərəkət ediblər?

Niyə həyati məlumatlar ictimaiyyət üçün gizli qalıb və məmurlar insayder ticarətindən faydalanıblar?

9.Niyə amerikalı mütəxəssislərə COVID-19-u açıq şəkildə müzakirə etmək icazəsi verilmir?

“The New York Times” qəzetinin yazdığına görə, Ağ Ev, vitse-prezident Mayk Pens epidemiyanın qarşısının alınması və ona nəzarətə dair cavabdehliyi üzərinə götürəndən, yəni fevralın 27-dən bütün səhiyyə işçilərinin koronavirus hesabatlarına nəzarət gücləndirilməyə başlayıb.

Aparıcı immunoloq və yoluxucu xəstəliklər mütəxəssisi Antonio Fauçi də daxil olmaqla, bəzi elm adamları və hökumət rəsmilərindən yalnız ABŞ vitse-prezidentinin ofisi ilə məsləhətləşdikdən sonra COVID-19-la əlaqəli tədbirlərdə çıxış etmək və ya danışmaq istənilib.

Söz azadlığını dəstəklədiyini iddia edən ABŞ niyə mütəxəssislərə və elm adamlarına yeni koronavirus növünü ictimaiyyətlə müzakirə etməyə imkan vermir? ABŞ nəyi isə gizlətmək istəyir? Yoxsa başa bir şeydən qorxur?

10.ABŞ-dan kənardakı bioloji laboratoriyalarda hansı tədqiqatlar aparılır? ABŞ niyə bu barədə susur?

Rusiyanın “Sputnik” agentliyi xəbər verib ki, Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin müavini Natalya Poklonskaya bütün dünyada Amerika bioloji laboratoriyalarının qanuniliyini yoxlamağı təklif edib.

Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi keçmiş Sovet İttifaqı ölkələrində bioloji laboratoriyaların yaradılmasından narahatlığını bildirib.

Xarici siyasət və milli müdafiə üzrə rusiyalı mütəxəssis Qriqori Trofimçuk bu bioloji laboratoriyaların işinin heç vaxt dünyaya açıqlanmadığını, eyni zamanda, laboratoriya ərazilərində qızılca kimi təhlükəli yoluxucu xəstəliklərin də baş verdiyini söyləyib.

Bu laboratoriyalarda hansı tədqiqatlar aparılır? Niyə ABŞ bu bioloji laboratoriyaların funksiyaları, istifadəsi və təhlükəsizliyi barədə susur?

Tərcümə: Strateq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir