“Ağır dövr hələ irəlidədir” – Politoloq rəyi

“Mövcud pandemiya şəraiti bizi nə qədər sıxsa da, təəssüf ki, bundan daha ağır dövr hələ irəlidədir”.

Millitribuna.az xəbər verir ki, bu sözləri koronavirus pandemiyasının iqtisadiyyata vurduğu təsirləri şərh edən politoloq Ərəstun Oruclu bildirib.

Ərəstun Oruclunun fikrincə, qarşıdan gələn dövrün ağırlığını şərtləndirən amillərdən biri də baş verənlərin təkcə bizim ölkəyə və ya yerləşdiyimiz bölgəyə deyil, bütün dünyaya aid olmasıdır:

“COVİD-19 pandemiyası insanların sağlamlığı və həyatı üçün təhlükə mənbəyidir və onları qorumaq məqsədilə atılan addımlar da anlaşılandır, zəruridir. Amma istənilən yaxşı niyyətlə atılmış addımın çıxarları da var ki, konkret halda bu, qlobal iqtisadi böhrandır. Dünya iqtisadiyyatının kiçilməsi artıq bu gün on milyonlarla insanın işsiz qalmasına səbəb olub. Bəzi proqnozlara görə isə iqtisadiyyatın kiçilməsi və işsizliyin artması payıza qədər davam edə bilər ki, bu da yaxşı heç nə vəd eləmir”.

Bu vəziyyətin Azərbaycana təsirlərinə toxunan Ərəstun Oruclu hesab edir ki, hazırkı iqtisadi böhran fonunda əhaliyə göstərilən sosial yardım və iqtisadi islahatların aparılması sadəcə vaxt qazanmaqdan ibarətdir. Bu addım isə heç də ürəkaçan nəticələri büruzə vermir:

“2015-2016-cı illərdə iqtisadçı-ekspertlərimiz həyəcan təbili çalırdılar ki, artıq neft iqtisadiyyatından çıxmaq lazımdır və qeyri-neft sektorunun inkişafı üçün şərait yaratmağın vaxtıdır. Amma hələ o zaman bir çox insan belə keçidin olmayacağını demişdi. Belə ki, bir azdan sonra neftin qiyməti sabitləşəcək və hakimiyyət əvvəlki arxayınçılığına qayıdacaq. Belə də oldu.

Yəqin ki, bu gün də hakim-mütləqlər eyni ssenarinin təkrarlanacağını düşünürlər və ona görə də istər ağır duruma düşmüş insanlara yardımı, istərsə də zəruri iqtisadi islahatları imitasiya eləməklə vaxt udmağa çalışırlar. Bəli, “bəlkə də qaytardılar” prinsipinə söykənərək, ancaq vaxt udmaq ki, bu dövrdən də xəta-bəlasız çıxsınlar. İndiki halda hakimiyyəti qorumağın yeganə yolu xalqı və dövləti, onun iqtisadiyyatını qorumaqdan keçir. Başqa yol da yoxdur. Çünki 2015-2016 böhranından fərqli olaraq, bugünkü vəziyyət bir çox səbəblərdən “vaxt udmaq” variantını nəinki istisna edir, əksinə, hətta zaman əleyhimizə işləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir