Əbülfəs Qarayev Azərbaycan xalçaçılarını təbrik etdi

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan xalçalılarını 5 may – “Xalçaçı günü” peşə bayramı münasibətilə təbrik edib.

Millitribuna.az  xəbər verir ki, təbrikdə qeyd olunur ki, xalçaçılıq Azərbaycan xalqının milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Heç bir azərbaycanlı ailəsinin evini, məişətini xalçasız təsəvvür etmək mümkün deyil. Keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlayıb.

“Xalçaçılıq, sadəcə, mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir. Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin Azərbaycan ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyəti olub. Yüksək estetik əhəmiyyət kəsb edən, milli naxış elementləri və təsvirlərlə bəzədilən xalçalarımız Azərbaycan mədəniyyətinin zənginliklərini nümayiş etdirməklə yanaşı, onu yaradan insanların zövqü, sənət bacarıqları haqqında da dolğun təsəvvür yaradır”, – deyə təbrikdə bildirilir.

Nazirin təbrikində vurğulanır ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə xalçaçılığın inkişafı və beynəlxalq aləmdə təbliği diqqətdə saxlanılır. Məhz bu diqqət və qayğının sayəsində 2010-cu ildə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəriyyətin qorunan inciləri sırasında yer alıb.

Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixində imzaladığı sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması bu qədim sənət ənənəsinin yaşadılmasına mühüm töhfə kimi dəyərləndirilməlidir. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə 5 mayın “Xalçaçı günü” peşə bayramı kimi təsis edilməsi isə ölkəmizdə xalça sənətini yaşadan insanların fəaliyyətinə verilən yüksək qiymətin parlaq təzahürüdür.

Sevindirici haldır ki, bu gün ondan çox bölgəmizdə Azərxalça” ASC-nin filialları fəaliyyət göstərir, qədim xalça ənənələrimiz yaşadılır. Azərbaycan xalçalarının sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. 2014-cü ildə istifadəyə verilən unikal memarlığa malik Azərbaycan Milli Xalça Muzeyi xalçalarımıza ucaldılan abidə timsalındadır. Son illər Heydər Əliyev Fondunun dəstəyi ilə Xalça Muzeyi tərəfindən dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir xalça nümunələrimizin aşkar edilərək ölkəmizə gətirilməsi istiqamətində mühüm işlər görülür.

Əbülfəs Qarayev sonda bir daha ölkəmizin xalçaçılarını peşə bayramı münasibətilə təbrik edib, möhkəm cansağlığı, ailə səadəti və bu bənzərsiz sənətin yaşadılması sahəsində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir