Bu şəxslər pulsuz internetlə təmin oluna bilər – Açıqlama

Dünyanı koronavirus pandemiyasının cənginə aldığı bir dövrdə onlayn xidmətlər geniş vüsət almağa başlayıb.

Əlbəttə ki, xidmətlərlə təminat internetsiz mümkün deyil. Elə bunu nəzərə alan dünya ölkələri bir çox sferalarında, eləcə də, təhsil sahəsində əlçatanlığın təmin olunması üçün pulsuz internet xidmətləri təklif edib.

Şagird və tələbələrin pulsuz internetlə təminatı məsələsi də günümüzün ən aktual problemidir. Bir çox ölkələr, eləcə də, qonşu Türkiyədə onlayn təhsilin əlçatanlığı məqsədilə bütün tələbələr pulsuz internetlə təmin olunub.

Bəs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələnin köklü həlli üçün hansı işlər görür? İnternetin pulsuz verilməsi üçün hər hansı addım atılması planlaşdırılırmı?

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələnin həlli məqsədilə mobil rabitə operatorlarına müraciət edib:

“Təhsil Nazirliyinin quruma müraciəti əsasında ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət olunub”.

Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış “Virtual məktəb” layihəsinə dəstək çağırışına artıq “Azercell” qoşulub:

“Şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verir”, – deyə nazirlikdən qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir