Bu gün İlham Əliyevin təşəbbüsü ilə daha bir Zirvə görüşü keçiriləcək

Bu gün Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcək.

Millitribuna.az xəbər verir ki, görüş Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutacaq.

Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib.

Qoşulmama Hərəkatına 120 dövlətin üzv olduğunu nəzərə alaraq, Zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında keçiriləcək.

BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan öz üzərinə götürüb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir