“Birgə səylərlə “COVID-19”-a qalib gələ bilərik” – İlham Əliyev

“Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib, nəticədə yeni reallıqlar meydana çıxıb”.

Millitribuna.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verib: “Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir. “COVID-19” qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə “COVID-19”-a qalib gələ bilərik. BMT Baş Katibi Antonio Qutarreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbulunu və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk. Pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış oldu. Azərbaycana göstərdiyi dəstəyə və zirvə görüşümüzdəki iştirakına görə doktor Tedros Gebreyesusa təşəkkürümü bildirirəm”. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir