Əlavə məzuniyyət nədir və hansı işçilərə verilir?

Azərbaycanda işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Azərbaycanda işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin məzuniyyət hüququ Əmək Məcəlləsində nəzərdə tutulan qaydalarda əksini tapıb. Məcəllədə işçilərə əməyin şəraitinə və xarakterinə görə əlavə məzuniyyətlərin verilməsi nəzərdə tutulur. Bəs əlavə məzuniyyət hüququndan kimlər istifadə edə bilər?

E-huquq.az-ın məlumatına görə, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır olan işçilərə onların sağlamlığının qorunması məqsədilə əsas məzuniyyətlərindən savayı əlavə məzuniyyətlər verilir. Əlavə məzuniyyət hüququ verən, əmək şəraiti zərərli və ağır olan istehsalatların, iş yerlərinin, peşə və vəzifələrin siyahısı, həmin məzuniyyətlərin minimum müddəti göstərilməklə, Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət müvafiq istehsalatda, iş yerində, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Tam müddətli əlavə məzuniyyət hüququ işçi həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir. Əmək fəaliyyəti yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə, səhhətə mənfi təsir göstərən digər amillərlə bağlı olan işçilərə işin xüsusi xarakterinə görə əlavə məzuniyyətlər verilir. İşin xüsusi xarakterinə görə əlavə məzuniyyətin minimum müddəti iş növləri və işçi kateqoriyaları Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı ilə müəyyənləşdirilir.

Qeyd edilən iş yerlərində çalışan işçilərə kollektiv müqavilələrlə (sazişlərlə) qanunvericilikdə müəyyən edilmiş əlavə məzuniyyətin minimum müddətindən artıq əlavə məzuniyyətin verilməsi nəzərdə tutula bilər. Belə əlavə məzuniyyət həmçinin işçi işə götürülərkən bağlanan əmək müqaviləsi ilə də müəyyən edilə bilər.

Əmək stajına görə və uşaqlı qadınlara neçə gün əlavə məzuniyyət verilir?

Əmək stajından asılı olaraq işçilərə: beş ildən çox əmək stajı olduqda — 3 təqvim günü, on ildən çox əmək stajı olduqda — 6 təqvim günü, on beş ildən çox əmək stajı olduqda — 9 təqvim günü müddətində əlavə məzuniyyətlər verilir.

Əlavə məzuniyyətin müddəti necə müəyyən edilir?

Əmək stajına görə əlavə məzuniyyətin müddətinin müəyyən edilməsindən ötrü ümumi əmək stajı pensiyaların təyin edilməsi üçün müəyyənləşdirilmiş qaydada hesablanır. Əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan işləyən qadınlara 3 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Əlavə məzuniyyət hüququ uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir