Təhsilverənlərin sertifikatlaşdırma qaydası təsdiqlənib

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.

Millitribina.az xəbər verir ki, bununla əlaqədar Baş Nazir Əli Əsədov qərar imzalayıb. Bu Qayda dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.

Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

-hamilə qadınlar;

-uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

-ilk dəfə işə qəbul olunanlar, 5 il müddətində;

-azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

Sertifikatlaşdırma Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu prosesin təşkili məqsədilə nazirlik tərəfindən sədr daxil olmaqla 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılır. Şuranın fəaliyyəti nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir