“OPEK+”un yeni razılaşması bu gündən qüvvəyə mindi

OPEC və qeyri-OPEC ölkələri 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qəbul edilən qərarın şərtlərini bu gündən icra etməyə başlayacaq.

Millitribuna.az xəbər verir ki,9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib.

Qərara əsasən “OPEC+” və digər ölkələr sayəsində mayın 1-dən bazara sutkada 20 milyon barel az neft daxil olacaq.

“OPEC+”ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 milyon barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barel həcmində qərarlaşacaq.

Lakin, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşılıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 milyon barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 milyon, qeyri-OPEC üzrə isə 3,132 milyon barel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq.

Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 milyon barel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 milyon barel, qeyri-OPEC üzrə 2,349 milyon barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir