CNN: “Nyu-Yorkda yük maşınlarında 60 meyit aşkarlanıb”

Polis Nyu-Yorkun Bruklin rayonunda yerləşən dəfn bürosu yaxınlığında dörd yük avtomobilində 60-dək meyit aşkarlayıb.

Militribuna.az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, yük maşınlarından birində soyutma sistemi olmadığından meyitlərin iyi ətrafa yayılıb və yerli sakinlər polisə müraciət edib.

Telekanalın məlumatında deyilir ki, qeyd olunan dəfn bürosunda koronavirusdan vəfat etmiş şəxslərin kremasiyasından (meyitlərin xüsusi sobalarda yandırılması) əvvəl meyitlərin saxlanması üçün yer çatışmazlığı yaranıb. Bu səbəbdən də meyitlər soyutma sistemi ilə təchiz olunmuş yük avtomobillərində saxlanılıb. Lakin avtomobillərdən birinin soyutma sistemi olmadığından belə vəziyyət yaranıb.

Şəhər rəhbərliyindən bildirilib ki, soyutma sistemi ilə təchiz olunmuş xüsusi yük avtomobili ayrılıb, meyitlər ora yerləşdiriləcək.

Qeyd edək ki, Nyu-York ABŞ-da koronavirus pandemiyasının əsas ocaqlarından sayılır. Burada artıq koronavirusa 299 mindən artıq yoluxma, 23.4 mindən artıq ölüm qeydə alınıb. (apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir