Sahibkarlar üçün sosial sığorta yükü 2-4 dəfəyədək azaldılır

«Sosial sığorta haqqında» qanuna təklif edilən yeni dəyişiklik layihəsində sosial sığorta yükünün ümumilikdə 2-4 dəfəyədək azaldılması nəzərdə tutulur.

Millitribuna.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Vergi qanunvericiliyinin təkmilləşdirmə şöbəsinin rəisi Elnur Yusifov deyib.

Onun sözlərinə görə, 1 sentyabr 2019-cu il tarixdən etibarən minimum aylıq əməkhaqqı 250 manata qaldırılıb və bu da müəyyən mənada sosial sığorta yükünün artımına səbəb olub. Belə ki, muzdsuz işçi cəlb etmədən fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri üçün sosial sığorta yükü minimum əməkhaqqının müəyyən faizi nisbətində hesablanır. Sığorta yükü ticarət və tikinti sahəsi üzrə 50 faiz, digər sahələrdə 25 faiz müəyyən edilib. Yeni dəyişikliklərdə isə 1 aprel tarixindən 50 faizlik sığorta yükünün 25 faizə, 25 faizlik sığorta yükünün isə 15 faizə endirilməsi təklif olunur.

E.Yusifov əlavə edib ki, sabit qəbz almaqla fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükünün də azaldılması nəzərdə tutulur: «Sabit qəbz almaqla fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektləri — bərbərlər, dərzilər, fərdi qaydada foto, video xidməti göstərən, toylarda, şənliklərdə aparıcılıq edən şəxslərin də sosial sığorta yükünün və inzibatçılıq yükünün azaldılması nəzərdə tutulur. Fərdi qaydada qəbz almaqla fəaliyyət göstərən şəxslər sosial sığorta yükünü yerinə yetirməklə yanaşı, vergi orqanlarına sosial sığorta hesabatları da təqdim edirdilər. Bu şəxslər artıq hesabatın verilməsi öhdəliyindən azad olunublar. Onlar sabit qəbz almaqla həm vergi ödənişlərini, həm də sosial sığorta yükünü həyata keçirəcəklər».

Şöbə rəisi bildirib ki, iqtisadi fəallığın gücləndirilməsinə yönələn dövlət dəstəyi proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi ilə əlaqədardır: «Ölkədə tətbiq olunan xüsusi karantin rejimi müəyyən sahibkarlıq subyektlərinin fəaliyyətinin tam və qismən məhdudlaşmasına səbəb olmuşdu. Qanun layihəsində fəaliyyətini tam və ya qismən məhdudlaşmış bütün sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarların gəlir və mənfəət vergisindən tam məbləğdə azad olunması nəzərdə tutulur». (trend)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *