Bakıda hədə-qorxu gələn sürücü tutuldu

“Paytaxtda hərəkət zamanı digər avtomobilin qarşısını kəsərək, sürücüyə qarşı nalayiq ifadələr işlədən şəxs saxlanılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan süjetlə bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal tədbir görülüb:

“Həmin şəxs saxlanılıb. Hazırda araşdırma davam etdirilir. Şikayətçi və eləcə də, məsələdə adı hallanan şəxslərin izahatları alınıb. İnsident olan əraziyə baxış keçirilib. Şikayətçinin dediyi əsasında müvafiq araşdırmalar aparılıb”.

“Toplanılan sənədlər Suraxanı Rayon Məhkəməsinə göndəriləcək”, — deyə V.Əsədov qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Qaraçuxur qəsəbəsi, Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn “Mercedes” markalı, 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək, qarşıdakı sürücüdən yol istəməsinin görüntüləri yayılıb.

Qarşıdakı sürücünün yol vermədiyini görən “Mercedes”in sürücüsü səs siqnalı verərək, onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşərək, sürücünün yanına gəlib, nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik, sürücüyə əl-qol ataraq, hadisə yerindən qaçmağa başlayıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *