Görünməzlik arxasında iqtidar savaşı? — Araşdırma

30 yaşlı qadın Şimali Koreyanın yeni lideri ola bilər…

Sergey Pivovarov

“Babel”, 24.04.2020

Şimali Koreyanın lideri Kim Çen In 10 gündən çoxdur ki, ictimaiyyət qarşısında görünmür. ABŞ kəşfiyyatının məlumatına görə, ürək əməliyyatından sonra o, hazırda ağır vəziyyətdədir. Yaponiyanın “Yomiuri” qəzetinin mənbələri bildirib ki, Kim Çen In ölsə, onun yerini kiçik bacısı Kim Ye-Çjon tutacaq.

O, gəncliyindən siyasətlə məşğuldur və qardaşı 2011-ci ildə hakimiyyətə gəldikdən sonra ən yaxın sirdaşı olub. İndi Kim Ye-Çjon hakim partiyanın təbliğat şöbəsinə rəhbərlik edir və Kim Çen Inla birlikdə dünya liderləri ilə görüşür.

Hakimiyyət uğrunda mübarizədə qohumları arasında rəqibi qalmayıb. Ancaq bəzi analitiklərin fikrincə, patriarxal Şimali Koreya cəmiyyətində qadının ölkədə ən yüksək mövqe tutma şansı azdır.

Kim Ye-Çjonun dəqiq yaşı məlum deyil, müxtəlif mənbələrə görə, 1987, 1988 və ya 1989-cu ildə anadan olub. Qardaşı ilə sirdaşlığı, çox güman ki, 90-cı illərin sonlarında başlayıb. Sonra birlikdə İsveçrədəki xüsusi məktəbdə oxuyublar və ayrı-ayrılıqda mühafizə olunan evlərdə yaşayıblar.

Şimali Koreyanın keçmiş lideri Kim Çen İr 2002-ci ildə ən kiçik qızının siyasi karyera qurmaq istədiyini söyləyib. 2007-ci ildə Kim Ye-Çjon Koreyanın hakim İşçi Partiyasına üzv olub. 2008-ci ildə Kim Çen İr bir neçə dəfə insult keçirəndən sonra onun köməkçisi təyin edilib. Mütəxəssislərin fikrincə, o, qardaşı Kim Çen Inın atasının varisi roluna hazırlanmasının fəal iştirakçısı olub.

Lakin sonralar Kim Ye-Çjon nadir hallarda ictimaiyyət arasında görünüb və adı dövlət mediasında peyda olmayıb. 2010-cu ildə bir partiya konfransında təsadüfən kamera obyektivlərinə tuş gəlib, 2011-ci ildə isə atasının dəfnində görünüb.

Şimali Koreya mediası ilk dəfə Kim Ye-Çjonu 2014-cü ilin mart ayında, KXDR-in ən yüksək qanunverici orqanı olan Ali Xalq Məclisinə seçkilərdə qardaşını müşayiət edərkən rəsmi olaraq xatırlayıb. Bir il sonra de-fakto partiyanın təbliğat və təşviqat şöbəsinin müdiri olub. Onun bu vəzifədəki əsas işi Kim Çen Inın evdə və xaricdəki PR-ının qurulmasıdır.

Son illərdə Kim Ye-Çjon qardaşının ən yaxın köməkçisinə, əslində, “sağ əli”nə çevrilib. Dünya liderləri ilə görüşlərdə daim Kim Çen Inı müşayiət edir. 2018-ci ilin fevral ayında Kim Ye-Çjon Pxençxanda Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib – Koreya müharibəsindən sonra ilk dəfə hakim ailədən olan şəxs Cənubi Koreyaya səfər edib.

Təhlilçilər yekdilliklə Kim Ye-Çjonu dövlətin ikinci şəxsi adlandırırlar. ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi və Şimali Koreya üzrə beyin mərkəzinin rəhbəri Coel Vit deyir: “Şimali Koreya mediasının Kim Ye-Çjon haqqında yazdığı onun yol, daxili siyasət, iqtisadiyyat, silahlanmadan tutmuş Cənubi Koreya, Çin və ABŞ-la münasibətlərə qədər bir çox məsələlərdəki əhəmiyyətli rolunu göstərir”.

Kim Ye-Çjonun siyasi karyerasında yeganə qaranlıq nöqtə keçən ilin mart ayında Vyetnamda Donald Trampla danışıqların uğursuz olmasıdır, iddiaya əsasən, buna görə Kim Çen In bacısını günahlandırıb, hətta onu Siyasi Bürodan qovub. Ancaq bu, Kim Ye-Çjonun əbədi gömüldüyünü ifadə etmir. 2020-ci ilin mart ayından etibarən o, Şimali Koreya rəhbərliyi adından beynəlxalq səviyyəli açıqlamalar verir və keçən həftə Siyasi Büroya bərpa edilib.

Kim Ye-Çjonun nüfuzunun möhkəmlənməsində mühüm rolu onun şəcərəsi oynayır. Axı Kim ailəsi Şimali Koreyanı üç nəsildir idarə edir. Buna görə də, bəzi ekspertlər hesab edir ki, Kim Ye-Çjon varis olma üçün demək olar ki, 100 faiz şanslıdır. Seuldakı Evha Universitetinin beynəlxalq araşdırmalar üzrə dosenti Leyf-Erik İsli deyir: “Şimali Koreya bir ailənin mülküdür və Kim bacısına güvənir”.

Hakimiyyət uğrunda mübarizədə Kim Ye-Çjonun qohumları arasında real rəqibləri yoxdur. Kim Çen Inın uşaqları hələ çox kiçikdir – böyüyünün cəmi 10 yaşı var. Böyük qardaşlarından biri heç vaxt siyasətlə maraqlanmayıb və özünü gitara çalmağa həsr edib. Digəri uzun müddət sürgündə yaşayıb və 2017-ci ildə Kuala-Lumpur hava limanında öldürülüb.

Kim Çen Inın 65 yaşlı əmisi var. Ancaq 20 ilə yaxındır ki, Avropada diplomatdır və daxili siyasətdə iştirak etmir.

Kim Ye-Çjon üçün iqtidar zirvəsindəki əsas maneə onun cinsi və yaşı ola bilər. Axı Şimali Koreya mühafizəkar patriarxal ölkədir. Partiya bossları yaşı 30-u adlamış bir qadına tabe ola bilməz. Bəzi ekspertlər onun Çin lideri Mao Zedonun həyat yoldaşı Can Qinin taleyini təkrarlaya biləcəyinə inanırlar. Maonun həyatı boyunca o, böyük nüfuza sahib idi, ancaq ölümündən sonra “partiyaya qarşı fəaliyyətə” görə həbs olunub.

Kim Ye-Çjon hakimiyyətə gəlsə belə, ölkənin siyasəti kəskin şəkildə dəyişə bilməz. “O, qardaşından, atasından və ya babasından daha zalım olduğunu sübut edə bilər”, – deyə Tafts Universitetindəki Fletçer Hüquq və Diplomatiya Məktəbinin KXDR üzrə eksperti Son Yun Li bildirir.

Ancaq mütəxəssislərdən heç biri Kim Çen Inın öldüyü təqdirdə, Şimali Koreyada nələrin baş verəcəyini birmənalı şəkildə söyləmir. Hakimiyyət uğrunda mübarizənin bütün bölgə üçün təhdid olacağı ehtimalı da var.

Dövlət Departamentinin keçmiş rəsmisi Coel Vit xatırladır ki, 2011-ci ildə KXDR-də hakimiyyət dəyişikliyi zamanı Kim Çen Ina güvən az idi. O zaman dövlətin ikinci şəxs olan əmisi Çan Son Txek hakimiyyətə iddialı idi. Lakin 2 il sonra o, casusluq, korrupsiya və narkotik istifadəsi ittihamı ilə güllələnib və onun yerini – ordu üzrə partiya şöbəsinin müdiri vəzifəsini Kim Ye-Çjon tutub.

Tərcümə: Strateq.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *