Virus müharibələrin törətdiyi faciələr qədər təhlükəlidir?

Elvin Dadaş yazır…

2019-cu ilin dekabr ayında Çinin Uhan vilayətindən başlanan koronavirus bütün dünyanın başına bəla olub, desək, yanılmarıq. Demək olar ki, bütün dünya ölkələrinə yayılmış virus insanların psixikasına, maddi durumuna və gəlirlərinə çox ciddi mənfi təsir edib. Tarixə nəzər salsaq görərik ki, viruslar müharibələrin törətdiyi faciələrdən, insan itkilərindən heç də az fəsadlara səbəb olmayıb. Vəba, kolera epidemiyası, ispan qripi, donuz qripi, ebola, sars və s. xəstəliklər milyonlarla insanın tələfatı ilə nəticələnib.

Statistikaya görə, ilk olaraq orta əsrlərdə tüğyan edən vəba xəstəliyi 70 milyon, daha sonra 19-cu əsrdə Çində yayılması ilə 10 milyon, ümumilikdə isə 90 milyon insanın ölümü ilə nəticələnib. Ən dəhşətli xəstəliklərdən biri də ispan qripi olub. Xəstəliyə İspan adının verilməsinin maraqlı tarixçəsi var. Əslində xəstəlik İspaniyada yaranmayıb. Xəstəlik ilk dəfə ABŞ-ın Nyu-Meksika ştatında qeydə alınıb. Sadəcə o dönəmdə İspan mətbuatı bu xəstəliyə çox ciddi yer ayırıb, bütün dünyanın yeni və çox təhlükəli bir virusla üz-üzə qaldığını bəyan edib. Bundan sonra bu xəstəlik «İspan Qripi» kimi tarixə düşüb. Birinci dunya muharibəsinin bitməsinə yaxın yaranan xəstəlik 1918-1920-ci illər ərzində 100 milyon insanın ölümünə səbəb olub. Qripin təəccüb doğuran əlaməti özünü daha çox gənc insanlarda büruzə verməsi olub. Xəstəlikdən ən çox Hindistan, Fici adaları, Çin, Fransa, ABŞ əhalisi əziyyət çəkib. İspan qripindən vəfat edənlər arasında məhşur simalar da olub. İspan kralı XIII Alonso, alman sosioloqu və tarixçisi Maks Veber və başqaları… Mustafa Kamal Atatürk də bu xəstəliyə yoluxmuş, lakin aldığı davamlı müalicələr nəticəsində sağ qala bilmişdi.

2003-2004-cü illərdə isə quş qripi Avropa və Asiyada yayılmağa başladı. Köçəri vəhşi quşlardan keçdiyi yəqin edilən qrip daha çox Honqkonq, Pakistan, Belçika, Almaniya, Hollandiyada özünü büruzə verib. Adıçəkilən ölkələrdə xəstəliyin qarşısının alınması üçün monitorinqlərə başladılıb. Qrip daha donra 2007-2008-ci illərdə yenidən müşahidə olunub. Quş qripindən ölüm sayı cox aşağı səviyyədə olub. Buna səbəb H5N1 virusunun quşlardan insana keçmə ehtimalının cox asağı olması olub.

2010-cu ildə SARS, 2015-ci ildə isə «Yaxın Şərq Nəfəs Sindromu » adı verilən, qısaca MERS virusu Yaxın Şərq ölkələrində yayılmağa başlayıb. Bu virusun ilk olaraq yarasa və köçəri quşlardan yayılması ehtimal olunurdu. Viruslar ümumilikdə 1000-ə yaxın insanın ölümünə səbəb olub.

Ötən ilin sonlarından başlanan koronavirusun isə bu gün bütün ölkələr üzrə stabil və azalan xətt üzrə getdiyi müşahidə olunur. Ümumilikdə isə digər ölkələrlə müqayisədə virusun yayılma sürəti və yoluxma sayına görə vəziyyət Azərbaycanda daha qənaətbəxşdir. Karantin qaydalarının vaxtında başlanması ölkədə xəstə sayının digər ölkələrlə müqayisədə daha az olması ilə nəticələnib. Ölkəmizdə cəmiyyətin böyük hissəsi sosial məsuliyyəti dərk edir, yayılan virusun pandemiya olmasını qəbul edir və vəziyyəti ciddi qəbul edərək, maksimum az hallarda evini tərk edir. Ancaq əhalinin bir hissəsi ya bu virusa inanmır, ya da çox laqeyd yanaşır. Axi bu cür keçici xəstəliyə necə inanmamaq olar?! Dünyanın demək olar ki, bütün ölkələrində yüz milyonlarla gəliri olan şirkətlər, holdinqlər işlərini ya müəyyən qədər məhdudlaşdırıblar, ya da tamamilə qapadıblar. Bütün ölkələrdə idman yarışları, çempionatlar dayandırılıb.

2020-ci il Avropa Futbol Çempionatı və 2020-ci il Tokio Olimpiada oyunları təxirə salınıb. Ölkələrarası gediş-gəlişlə yanaşı, şəhərlər və rayonlararası gediş-gəlişə də məhdudiyyətlər qoyulub. Bütün elektron və yazılı KIV-in yayımladığı xəbərlərin 80-90%-i bu pandemiyaya həsr olunub. Bu qədər faktlar qarşısında xəstəliyə inanmayanlar və ya ciddiyə almayanların fikrinə doğrudan da heyrətlənməmək olmur. Koronavirusun digər xəstəliklərlə müqayisəsi isə ümumiyyətlə absurddur, gülüncdür. Çünki bu xəstəlik keçicidir. Ancaq xərçəng, serroz, böyrək çatışmazlığı və digər xəstəliklərdə keçicilik qabiliyyəti yoxdur.

Millitribuna.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *