Yaxın Şərqdə nələr baş verəcək? — Politoloq rəyi

«Proseslərin gələcəkdə müəyyən sabitlik yaradacağını və ya reysə düşəcəyini proqnozlaşdırmaq mümkün deyil».

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Yaxın Şərqdəki vəziyyəti təhlil edən politoloq müsbət proseslərin carçısı olmadığını bildirib: «Yaxın Şərq haqqında nikbin proqnozlar vermək mümkün deyil. Suriyada vəziyyət qeyri-stabildir. Bu günlərdə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriyaya səfər etdi. Guya İdlib məsələsini müzakirə etdilər. Ancaq Zərifin ora getməsindən sonra Bəşər Əsədə sadiq olan qüvvələrin İdlibə raket atmasının və İdlib ətrafı qəsəbələrə hücumunun şahidi olduq. Suriyanın xarici işlərinə qarışan və destruktiv planların, ideologiyaların hökm sürdüyü müddətcə burada sülhə nail olmaq qeyri-mümkün görünür. Xüsusilə Bəşər Əsəd rejiminin Rusiya və İranın köməyilə möhkəmlənməsi hadisələrin süjet xəttində fərqli dəyişiklik yaratmayacaq. Suriyanın yarıdan çoxuna nəzarət edən bu diktator xalqının heç bir ümdə ehtiyacını ödəmək iqtidarında deyil. Eyni zamanda Suriyanı yenidən öz əsarəti altına ala biləcək gücdə deyil. Bu, yalnız xarici güclərin köməyilə baş tuta bilər».

Q.Hüseynli İraqdakı proseslərin da oxşar ssenaridə inkişaf etdiyini deyib: «İraqın daxili işlərinə qarışan İran burada proseslərin təbii qanunauyğunluqlar üzrə inkişaf etməsinə imkan vermir. Hökumət və parlament öz funksiyasını yerinə yetirə bilmir. Onlar ölkənin bütün əhalisinə nəzarəti təmin etmək iqtidarında deyil. Üstəlik də iranpərəst qüvvələr daima qeyri-sabit vəziyyətin yaranmasında fəal surətdə iştirak edir».

Politoloq Yəməndəki prosesləri, Səudiyyə Ərəbistanı ilə İranın addımlarını belə şərh edib: «Yəməndə də vəziyyət xeyli ağırdır. İran koronavirus pandemiyasının ağır fəsadlarını yaşadığı halda husilərə yardımından geri qalmır. Husilər də Səudiyyə Ərəbistanının müdafiə etdiyi hökumət qüvvələri və Səudiyyə qüvvələri ilə tez-tez döyüşlərə rəvac verir.

Yaxın Şərqdə möhkəm sülhün yaranmasına imkan verməyən qüvvələr bu regionun regional gücləridir. Söhbət İran və Səudiyyə Ərəbistanından gedir. Onlar teokratik rejim, dini idarəçilik sisteminə malik olmaqla yanaşı, bölgəyə həmişə nəzarət etməyə cəhd edirlər. İran isə təriqət əlamətləri üzrə bu bölgələrdə özünə yaxın olan qüvvələri maliyyələşdirir və mərkəzi hakimiyyət qüvvələrinə qarşı hərbi qiyama sürükləyir. İranın strateji maraqları İraq və Suriyadan keçərək, Aralıq dənizinə çıxmaq, İsrailə qarşı hansısa cəbhəni formalaşdırmaqdır.

Səudiyyə Ərəbistanına gəldikdə isə, bu və ya digər dövlətlərin sifarişini yerinə yetirməkdə formalaşmış bir rejimdir. Onun da siyasəti Yaxın Şərqdə sabitliyi pozan amillərdən biridir.

Ümumən Yaxın Şərqdə bünövrəsi qoyulmuş ziddiyyətlər, alovlanan lokal müharibələr hələ də söndürülməyib. Çünki bu bölgədə sabitliyi qoruyacaq və ya xalqın dəstəyinə söykənə biləcək siyasi hakimiyyət formaları bərqərar edilməyib. Üstəlik xaricdən bu ölkələrə müdaxilə edən qüvvələr onların kompromisə getməsinə hər cür əngəllər yaradır».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *