Bir sıra cinayətlərin dekriminallaşdırılması təklif edilir

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

Bu barədə Oxu.Az-a məlumat verən komitə üzvü Kamal Cəfərov bildirib ki, iclasda Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə ikinci oxunuşda müzakirəyə çıxarılıb.

İclasda deputatların səsləndirdiyi təkliflər müzakirə olunub.

Deputat bildirib ki, komitə iclasında başqa maddələrin də dekriminallaşdırıla biləcəyi fikri irəli sürülüb.

“Bir sıra fikirlər də mövcud idi ki, bəzi məsələlərlə bağlı humanistləşdirmə tez ola bilər. Ümumi rəy ondan ibarətdir ki, cənab Prezident tərəfindən indiki mərhələdə belə bir layihənin təqdim edilməsi xüsusi əhəmiyyətə malikdir”, — deyə K.Cəfərov əlavə edib.

Deputat qeyd edib ki, bu layihənin qəbulu, tətbiqi nəticəsində minlərlə şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi və ya cəzasının yüngülləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təklif olunub.

Layihədə 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. Həmçinin, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.

Üç cinayətə görə zərər çəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur.

30 cinayətə görə sanksiyalara azadlıqdan məhrumetməyə alternativ cəzalar — cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, hərbi xidmət əleyhinə olan cinayətlərə görə inzibati məsuliyyət müəyyən olunur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni – “hərbi xidmət əleyhinə olan inzibati xətalar” adlı fəsilin əlavə olunması təklif edilir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *