«Qarabağ»ın legioneri: «Azərbaycan millisindən təklif almamışam»

«Xixon «Sportinq”i ikinci evimdir, mənə hər şeyi verib. İstədiyim və həmişə istəyəcəyim klubdur. Çox yerdə oynamışam, amma o mühitin istiliyi ilə başqa bir meydanda hərəkət etdiyimi xatırlamıram».

Bu fikirləri «Qarabağ”ın futbolçusu Miçel Madeyra «Elcomercio” nəşrinə geniş müsahibəsində deyib.

35 yaşlı yarımmüdafiəçi İspaniya klubu üçün darıxdığını bildirib: «Xixonda qalmaq istərdim, amma İngiltərə komandasına transferim hər kəs üçün yaxşı oldu. İstədiyim odur ki, «Sportinq” uzun illərdən sonra yenidən əsas liqada çıxış etsin”.

2010-cu ildə «Sportinq”dən İngiltərə «Birmingem”inə 3.3 milyon avro qarşılığında keçən ispaniyalı oyunçu bunları söyləyib: «Heç vaxt bu qədər dəyərli futbolçu olduğumu hiss etməmişəm. «Sportinq” «Birmingem”dən əldə edə bilmədiyi məbləğ istədi, ancaq İngiltərə klubunun yeni sahibi gəldi və həmin pulu verdi”.

Miçel karyerasının ən vacib məqamının 2008-ci «Sportinq”in yüksəlişi olduğunu sözlərinə əlavə edib. O, həmin dövrü 2017/2018 mövsümündə «Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində iştirakdan da üstün tutub: «Başıma gələn ən inanılmaz şeylər həmin vaxt oldu, «Real Madrid”i məğlub etdik”.

Yarımmüdafiəçi «Sizə milliləşdirməyi və Azərbaycan yığmasında oynamağı təklif ediblərmi?” sualını bu cür cavablandırıb: «Xeyr. Belə bir şey oxudum, amma yalandır. Heç vaxt milliləşdirmə təklifi olmayıb. «Sportinq»ə qayıtmaq ehtimalım yoxdur, amma istərdim. Peşəkar karyerama bu klubda başlamışam. Oynadığım klublara görə peşman deyiləm, hamısına minnətdaram».

Qeyd edək ki, Miçel 2015-ci ildən «Qarabağ»ın formasını geyinir. O, 2004 — 2010-cu illərdə «Sportinq», 2010/2011 mövsümündə isə «Birmingem»də çıxış edib. (Report.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *