“Peyvənd yaranana qədər pandemiyanı məğlub edə biləcəyik”

“Yayın ortasına kimi pandemiya səngiyəcək”.

“Bir qədər sonra COVİD-19-a görə heç xəstəxanaya müraciət etməyə gərək qalmayacaq”

Millitribuna.az Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi»nin (TƏBİB) yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, İnfeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Vasif Əliyevin e-tibb.az-a müsahibəsini təqdim edir:

-Yeni tip koronavirusla bağlı bir sıra aparıcı ölkələrdə tədqiqatlar davam edir. Mütəmadi olaraq bir-birinə zidd məlumatlar da səslənir. Hazırda əsas yeniliklər nədən ibarətdir?

-Hazırda virusla bağlı aparıcı ölkələr tərəfinfən tədqiqatlar aparılır. İstər müalicə, istərsə də peyvəndlə bağlı olaraq araşdırmalar davam edir. Bu gün bir çox dərmanlar tədqiqat mərhələsindədir. Hətta bu dərmanların bəziləri tam sınaqdan keçirilməsə belə, FDA (ABŞ-ın Qida və Dərman Administrasiyası-red.) tərəfindən istifadəsinə göstərişlər də verilib. Amma tədqiqatlar davam edir.

-Dünya mediasında bir çox dərmanların üstünlükləri haqda məqalələr dərc olunur. Hər ölkə, hər dərman firması özlərinə məxsus dərmanın effektivliyindən danışır. Birmənalı olaraq, bu gün hansısa dərmanın daha effektiv olduğunu demək olar?

— Hələ hansısa dərmanın digərindən üstünlüyü barədə fikir bildirmək düzgün olmaz. Ümumdünya Səhiyyə Təşkilatının açıqladğı kimi hazırda bir neçə dərmanla bağlı müqayisəli şəkildə tədqiqatlar aparılır. Həm xəstəliyin müalicəsində effektivliyi baximindan, həm də dərmanların insan organizminə bir-birindən fərqli müsbət və mənfi təsiri, yan təsirləri baxımından araşdırmalar gedir. Hazırda dunyada bir cox mərkəzlərdə xəstəliyin mualicəsində fərqli dərmanlar istifadə olunur. Bununla bağlı ÜST tərəfindən bir çox mərkəzə araşdırma ilə bağlı müraciət ünvanlanıb. Eynı zamanda bizə də bu arasdırmaya qoşulmaq üçün dəvət göndərildi. Biz də xəstəliyin müalicəsində qazandığımız təcrübəni bölüşmək üçün ÜST tərəfindən aparılan araşdırmaya qoşulmağı müsbət qarşıladıq. Araşdırma bitəndən sonra xəstəliklərin müalicəsində istifadə olunan dərmanların effektivliyi, yan təsirləri, bir-birlərindən üstünlüyü və əskikliyi haqda daha dəqiq məlumat əldə olunacaq.

— Bəs peyvəndlə bağlı aparılan araşdırmalar nə zaman başa çata bilər? Vaksinasiyanın yaxın zamanlarda tətbiqi gözləniləndirmi?

— Çox güman ki, peyvəndlə bağlı araşdırmalar hələ aylarla çəkəcək. Doğrusu, mən düşünmürəm ki, biz bu pandemiyanı məhz peyvəndlə məhv edə, sıradan çıxara bilərik. Ola da bilər ki, peyvənd pandemiya bitəndən sonra yaransın. Belə bir ehtimal da var. Hazırda peyvəndlə bağlı çalışmalar gedir, bunlar uzun zaman alan işlərdir. Mənim fikirmcə, peyvənd yaranana qədər biz pandemiyanı məğlub edə biləcəyik.

— Pandemiya nə zaman səngiyə bilər? Bununla bağlı proqnoz vermək olar?

— Şəxsi fikrimi deyirəm, düşünürəm ki, yay aylarının ortalarına kimi pandemiya səngiyəcək. Təbii ki, yay aylarının sonuna kimi də virusa rast gəlmə ehtimalı var. Amma artıq virus virulentliyini zəiflətdikdən sonra xəstəlik indi olduğu kimi ağır formalarda özünü göstərməyəcək. Daha yüngül formalarda təzahür edəcək. Belə olandan sonra da ciddi izolyasiya, karantin tədbirlərinə ehtiyac qalmayacaq. Zamanla insanlar xəstəliyi daha yüngül formada kreçirəcəklər.

— Yəni sırf bu baxımdan, virulentlik nöqteyi-nəzərindən belə hesab edirsiz?

— Bəli. Necə ki, biz qripi, zökəmi, yuxarı tənəffüs yollarının digər infeksiyalarını yüngül şəkildə keçiririk, bu da o formada olacaq. Bəziləri yüngül, bəzi insanlar ağır formada keçirə bilərlər, amma nəticə etibarilə kütləvi halda olmayacaq. İnsanlar xəstəliyi daha yüngül keçirdikərinə görə, heç xəstəxanaya müraciət etməyə, orada müalicə olunmağa, peyvəndə, izolyasiyaya ehtiyac da olmayacaq. Bunlar mənim şəxsi fikrimdir, istənilən halda zaman göstərəcək. Hər halda indiyə kimi mövcud olmuş istənilən epidemiyalara baxaraq bunu demək olar. İstər qrip, istər SARS, istər MERS, istərsə də digər virus epıdemiyaları olsun, ilkin olaraq şiddətli yayılandan, pik həddində olandan sonra sonra yavaş-yavaş virulentlikləri zəifləyib. Viruslar mutasiyaya uğrayırlar, bədənə daxil olandan sonra immun sisitemimizin təsirindən zəifləyirlər. Yəni virulentliklərini azaldırlar.

— Yay aylarının ortalarına kimi səngimə olacaq deyəndə fəsil, isti amillərini nəzərə almırsız?

— İsti havaların da müəyyən təsiri ola bilər, amma mən sırf virulentlik baxımından deyirəm. Amma isti havaların o mənada təsiri yoxdur. Virusun hansı havada, hansı temperaturda, hansı səthdə nə qədər yaşayacağı barədə dəqiq məlumat yoxdur. Sadəcə olaraq, isti havaların o mənada müsbət təsiri ola bilər ki, insanlar istidə demək olar ki, qapalı mühitdə olmurlar, bayırda çox vaxt keçirirlər. O baxımdan qapalı mühitdən çıxandan, daha çox açıq havada olandan sonra virusun yayılma, çoxalma, yoluxma ehtimalı da azalır.

— Covid-19 yeni yayılmağa başlayanda yaşlı insanların yoluxduğu, uşaqların heç yoluxmadığı, cavanların isə xəstəliyi çox yüngül keçirdikləri deyilirdi. Amma bu gün yoluxanlar arasında uşaqlar da, cavanlar da çoxdur. Hətta bir sıra ölkələrdə ağırlaşmaların daha çox cavanlarda qeydə alındığı, süni tənəffüs aparatına daha çox onların ehtiyacının olduğu bildirilir…

— Əslində virusun yoluxmasını yaş faktoru ilə bağlamaq yanlış fikir idi. Biz əvvəlcədən də demişdik ki, virus yoluxanda insanın yaşına baxmır. Hamıya yoluxa bilir. Sadəcə, yoluxandan sonra təzahürü fərqli formada gedir. Hər fərddə bir cür təzahür edir. Cavanlarda asimptomatik olmaq ehtimalı daha yüksəkdir. Amma yaşlılarda, eləcə də xroniki xəstəliyi olanlarda, ağciyər, qaraciyər, böyrək çatışmazlığı, ürək problemlərindən əziyyət çəkənlərdə, yanaşı olaraq şəkər xəstələrində, onkoloji, hemotoloji xəstələrdə, revmotoloji probelmlərlə bağlı immunosupressiv dərman qəbul edənlərdə yoluxma, ağırlaşma riski yüksəkdir. Eləcə də 50 yaşdan yuxarı risk bir qədər yüksək, 60-dan sonra ondan artıq, 70 yaşdan sonra daha yüksəkdir. Onlarda sadəcə, yoluxma deyil, yoluxandan sonra ağır gedişatla seyr olunması ehtimalı daha çoxdur. Cavanlarda proses daha çox asimptomatik gedir. Amma bu o demək deyil ki, cavanlar ağırlaşa, süni tənəffüs aparatına bağlana bilməz və ya yaşlı insan yoluxubsa, deməli, öləcək. Belə bir şey yoxdur.

— Azərbaycanda COVİD-19-dan sağalan bir şəxs mediaya bildrmişdi ki, onda test müsbət çıxsa da, heç bir ciddi əlamət müşahidə etməyib. Bu cür hallar sırf immunitetin güclü olmasından irəli gəlir?

— Bəli, sırf immun sisitemi ilə bağlı olan bir haldır. Ümumiyyətlə, xəstəlik 80 faiz ehtimalla yüngül formada müşahidə olunur. Sadəcə, 15 faiz orta-ağır, 5 faiz kritik formada keçir. Heç bir əlamət olmayan çoxlu sayda yoluxan insanlar var.

— Yeri gəlmişkən, COVİD-19-un gündən-günə yeni əlamətlərlə özünü göstərdiyi deyilir. Əvvəlcə ancaq quru öskürək, boğaz ağrısı, temperatur, nəfəs çatışmazlığı vurğulanırdı. Sonra ürəkbulanma, ishal, gözdə qızartı, daha sonra iybilmə, dadbilmə itkisi, indi isə dəri əlamətləri-səpgilər, yaralar və s. əlavə olunub…

— Əslində əsas əlamətlər temperatur, öskürək, nəfəs darlığıdir. Ancaq bunlarla yanaşı yorğunliq, halsızlıq, əzələ ağrısı, baş və boğaz ağrısı, iybilmə, dadbilmənin itməsi, ishal kimi əlamətlər də görülür.

— Yoluxma baxımından risk qrupuna daha çox tibb işçiləri də aiddir. Bəzən tibb işçiləri arasında yoluxanların çox olması haqda məlumatlar verilir. Belədirmi?

— Bəli, yoluxanlar arasında tibb işçiləri də var. Onlar da digər insanlar kimi yoluxub. Xəstəxanalara, tibb müəssisələrinə diaqnoz qoyulmamış müraciət edən yoluxmuş xəstələr olub. Onlardan yoluxma halları olub. Yəni koronavirus olduğu bilinməyən insanlarla təmas nəticəsində həkimlər arasında da yoluxma halları olub. Amma koronavirus xəstələri ilə birbaşa işləyən, qorunma tədbirlərinə riayət edən həkimlərimiz arasında yoluxma ilə bağlı hər hansı təhlükə görünmür. Onu da deyim ki, yoluxan həkimlərimizdən biri təəssüf ki, həyatını itirib. Onun ailəsinə başsağlığı verirəm. Amma yoluxub sağalan həkimlərimiz də var. Evə gedənlər də var, hazırda müalicə olunanlar da var. Onların da vəziyyəti qənaətbəxşdir. Yeri gəlmişkən, mediada pandemiyadan həyatını itirən həkimlərə, tibb işçilərinə şəhid statusunun verilməsi ilə bağlı təkliflərə rast gəldim. Mən bunu düzgün saymıram. Bəli, bu da bir müharibədir, tibb işlçiləri də bu müharibənin əsgərləridir. Ön cəbhədə olanlar tibb işçiləridir. Onlar məhz insanların naminə həyatlarını təhlükəyə atırlar. Həkimlik, şərəfli peşədir, insanların sağlamlığı uğrunda vuruşsalar belə, şəhidlik başqa zırvədır. Şəhid adı Vətən uğrunda m həlak olanlara verilir. Bu adı ucuzlaşdırmaq olmaz. Mən özüm də həkiməm, amma bu statusu indiki vəziyyətdə həkimlərə verməyi məqbul saymıram.

-Virusun dünyada bu qədər geniş yayılması maska taxılmaması ilə ələqələndirilir. Sizcə, bu doğrudurmu?

-Tək maska ilə virusu önləmək mümkün deyil. Bu epidemiyanın qarşısını sırf maska taxaraq almaq mümkün olmazdı. Cərrahi maskaların qoruyuculuğu da sırf xəstə insanların virusu ətrafa yaymaması, ətrafa yayılan virsun miqdarını azaltmaq üçündür. Sağlam insanın virusa yolxmaması məhz maska ilə bağlı deyil.

-Azərbaycanda yoluxma səviyyəsini necə qiymətləndirmək olar? Bəzi mütəxəssislər deyir ki, Azərbaycanda vəziyyət yaxşıdır, heç pandemiya səviyyəsində deyil…

-Statistikaya nəzər salsaq, bəli, Azərbaycanda vəziyyət başqa ölkələrlə müqayisədə çox yaxşıdır. Zamanında dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər görülməsəydi, Azərbaycanda da vəziyyət pis ola bilərdi. Təbii ki, bizim səhiyyə sistemindən daha güclü səhiyyə sistemi olan ölkələr var. Elə qonşu İranı, Türkiyəni və yaxud da Avropa ölkələrini götürək. Səhiyyə sisteminin güclü olmasına, infeksiya nəzarəti güclü olan xəstəxanalar olmasına baxmayaraq, orda infeksiya tüğyan edir. Pandemiyanın qarşısının alınması sırf səhiyyə sisteminin güclü olması ilə bağlı deyil. Səhiyyə sisiteminin yaxşı olmağı sonradan yoluxa biləcək insanların idarə edilməsi ilə bağlı ola bilərdi. Amma pandemiyanın qarşısını allmaq dövlətin idarəetmə tədbirləri, vaxtında görülən izolyasiya tədbirləri hesabına mümkündür. Bizdə bunlar oldu. Vaxtında sərhədlər, məktəblər, insanların kütləvi olduğu yerlər bağlanmasaydı, xəstəlik bizdə də silsiə şəklində artardı. Bizdə yoluxanların başqa ölkələrlə müqayisədə az olması məhz qabaqlayıcı tədbirlərin olması hesabınadır. Bu tədbirlər bizdə vaxtında və peşəkarcasına görüldü.

Və ən əsas məqamlardan biri, bir çox ölkələrdə xəstə insanlar özləri xəstəxanaya gedir. Amma bizdə deyilir ki, evdə oturun, şübhəli əlamətlər varsa, təcili tibbi yardıma zəng edin, gəlib evdə analiz götürsünlər. Bu, əslində dövlət üçün əlavə yükdür, nə qədər vəsait xərclənir. Amma bunlar ona görə edilir ki, xəstə çölə çıxıb, gedib başqalarını yoluxdurmasın. Heç qonşu Türkiyədə, ümumiyyətlə, dünyada belə bir şey yoxdur. Bu da epidemiyanı lokallaşdıran əsas amillərdən biridir.Bu kimi tədbilrər olmasaydı, Avropa ölkələrində olan vəziyyət bizdə də ola bilərdi.

-Test üçün birbaşa xəstəxanalara müraciət edənlər də var?

-Xeyr. Bunun qarşısı alınıb. Şübhəli əlamətlər olarsa, təcili yardıma zəng olunur, evdə yaxma götürülür. Cavab müsbət çıxarsa, xəstə xəstəxanaya yatırılır. Onun yaxınları, ailə üzvləri isə karantinə alınır.

-Analiz ancaq yaxma ilə götürülür?

— Qanla da olur. Amma daha dəqiq nəticəni yaxma ilə almaq mümkündür.

-Ən çox rast gəlinən iddialardan biri də Çin, İtaliya, İranda virusun daha aqressiv olması, digər ölkələrdə isə nisbətən zəif təzahür etməsi bağlıdır. Həqiqət varmı?

-Sırf genetik olaraq virusun da növləri var. Amma İtaliyaya da yolxma Çindən gəlib…

-Ən çox müzakirə olunan məqamlardan biri də virsun insana yarasadan keçməsi ilə bağlıdır. Yəni bu gün alimlər yarasa ilə insan arasında bir həlqə olduğunu iddia edilər. Və son məlumatlarda deyilir ki, ara vasitəçi sahibsiz itlər olub…

-İtlər də ola bilər. Çində itlərdə, pişilərdə də virus aşkarlanmışdı. Yayılmasında onların da rolu ola bilər. Araşdırmalar hələ davam edir, ona görə də bu barədə konkret olaraq nəsə fikir söyləmək doğru deyil.

-İndiki mərhələdə qorunmaq üçün nələr vacibdir?

-Ən başlıcası izolyasiya tədbilərinə əməl etmək vacibdir. Bilirəm ki, sosial problemi olan insanlar var. Dövlət bunu nəzərə alır. Yardım olunan insanların sayı get-gedə artır. Sahibkarlara imtiyazlar verildi. Görülən izolyasiya tədbirləri məhz əhalimizin sağlamlığı üçündür. Bir qədər də səbr edək. Özümüzü, yaxınlarımızı ancaq bu qaydalara əməl etməklə qoruya bilərik. Bəzi nsanlarımız 4 divar arasında darıxır, sıxılırlar. Onlara demək istəyirəm ki, evdə darırxmaq xəstəxananın 4 divarı arasında nəfəs darlığı ilə darıxmaqdan qat-qat yaxşıdır. Bunu hər birimiz nəzərə almalıyıq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *