BMT Azərbaycana təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) həmrəyliyə görə Azərbaycana təşəkkür edib.

Millitribuna.az-ın məlumatına görə, BMT-nin Azərbaycandakı nümayəndəliyi Heydər Əliyev Mərkəzinə Azərbaycanın əsas memarlıq simvollarından birinin üzərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bayrağının təsvir olunmasına görə dərin minnətdarlığını bildirir.

Qeyd olunub ki, BMT bu həmrəyliyi və dəstəyi yüksək qiymətləndirib.

“Mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların cəmiyyətlərini, xüsusilə də bu pandemiyadan daha çox əziyyət çəkənləri, məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir.

ÜST və BMT-nin digər agentlikləri ölkədə COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün Azərbaycan hökuməti və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik”,- deyə təşkilatın minnətdarlığında bildirilib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 16-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Ümumdünya Səhiyyə Təşkilatının bayrağı videoproyeksiya olunub.

Aprelin 3-dən başlayaraq virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi “COVID-19” un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ, Gürcüstan, Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *