Bizi dəhşətli bəladan öz istehsalımız qoruyacaq – Reportaj

Əsas məqsəd qarşıya qoyulan hədəfə çatmaq, ölkəmizin gündəlik 250 min tibbi maskaya olan tələbatını ödəməkdir. Hazırda gündəlik istehsalı 120 min ədədə çatdırmaq üçün çalışırlar.

Axşam saat 22:00 olmasına baxmayaraq burada iş hələ yeni başlayırdı. Gündüz növbəsində çalışanlar öz yerini gecə növbəsində çalışan işçilərə verir, beləcə iş fasiləsiz davam etdirilirdi. Müəssisənin gecə-gündüz işləməsinin əsas səbəbi isə sözsüz ki, son günlər hər kəs üçün həyatı əhəmiyyət daşıyan, hər gün istifadə etdiyimiz və çörək qədər axtardığımız tibbi maskalara ölkə əhalisinin gündəlik tələbatını ödəməkdir. Yəqin ki, söhbətin hansı müəssisədən getdiyini anladınız…

Sputnik Azərbaycan bu günlərdə ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsindən reportajı təqdim edir.

Müəssisənin rəhbəri Səkinə Babayeva tibbi maska istehsal edən müəssisənin Azərbaycanda yaradılmasının zərurətindən danışır. O bildirir ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar dünyada tibbi maskalara tələbat artıb və müvafiq olaraq qıtlıq yaranıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı, dövlətin maddi və mənəvi dəstəyi ilə Azərbaycanda tibbi maska istehsal edən müəssisə yaradılıb.

Həmsöhbətimiz deyir ki, tibbi maska istehsal edən bu müəssisə artıq üç növbədə çalışır. Standartlara uyğun, gigiyenik tibbi maska istehsalı üçün müəssisədə ən müasir tikiş və sterilizə aparatı quraşdırılıb. S.Babayevanın sözlərinə görə, tibbi maska istehsal edən tikiş avadanlıqlarının quraşdırılması və istifadəsi üçün işçi heyət «Skype» vasitəsilə onlayn təlim keçib: «Bu müəssisənin Azərbaycanda yaradılması günün tələbi idi. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusun yeni növünə yoluxma halları tibbi maskalara olan tələbatı artırdı. Məlumdur ki, indiyədək tibbi maska Azərbaycana başqa ölkələrdən gətirilməklə əhalinin tələbatı ödənilirdi. Bu tələbat artdığında vətəndaşların sağlamlığı üçün yerli istehsal günün tələbinə çevrildi. Prezidentimizin tapşırığı və hərtərəfli dəstəyi əsasında qısa zamanda bu müəssisə inşa olunaraq lazımi avadanlıqlarla təmin olundu. Hazırda müəssisədə tibbi maska istehsalı üçün xammal var. Onu da qeyd edim ki, tibbi maska üçün xammalın Azərbaycana gətirilməsi də məhz dövlətin dəstəyi ilə baş tutdu. Yayılmış virusla bağlı istehsalçı ölkələr tibbi maska üçün zəruri olan tikiş avadanlıqlarının, xammalın satışını dayandırmışdılar. Bütün bunlara rəğmən dövlətimizin və iqtisadi komandanın böyük əzmi sayəsində ölkəmizdə belə bir istehsal müəssisəsinin yaradılması mümkün oldu. Hazırda müəssisəmiz üç növbəlik sistemlə çalışır. İlk hədəfimiz ölkəmizin tibbi maskaya olan gündəlik tələbatını ödəməkdir».

“Hər növbədə 12-13 nəfər çalışır. Xammalımız əsasən Türkiyədən alınır. Amma Avropadan da xammal idxal edirik. Hazırda biz altı aylıq xammal ehtiyatı görürük. Əsas məqsəd qarşımıza qoyduğumuz hədəfə çatmaqdır. Bu təbii ki, ölkəmizin gündəlik 250 min tibbi maskaya olan tələbatını ödəməkdir. Hal-hazırda gündəlik istehsalı 120 min ədədə çatdırmaq üçün çalışırıq», – müəssisə rəhbəri bildirir.

S.Babayeva deyir ki, Azərbaycanda istehsal edilən tibbi maskalar öz keyfiyyətinə görə də indiyədək xaricdən idxal etdiyimiz tibbi maskalardan fərqlənəcək: «Bizim istifadə etdiyimiz xammal əsl tibbi maska istehsalı üçün nəzərdə tutulan bir materialdır. İstehsal etdiyimiz tibbi maskalar üç qatlıdır. Tibbi maskanın orta qatı xüsusi qoruyucu funksiyaya malikdir. Həmin qat həm çöldən gələn, həmçinin də nəfəs yolu ilə çıxan bakteriyanı tutub saxlayır».

Müəssisə rəhbərinin sözlərinə görə, tibbi maskalar yaxın vaxtlarda satışa buraxılacaq. Hazırda tibbi maskaların qiyməti ilə bağlı təkliflər müzakirə edilir: “Nəzərə almaq lazımdır ki, burada əsas məqsəd vətəndaşların sağlamlığının qorunmasıdır. Ona görə də, bizi maddiyyatdan çox hazırda düşündürən əsas məsələ xalqımızın sağlamlığı, yayılmış virusdan qorunmasıdır. Burada təbii ki, xammala və istehsala çəkilən xərc nəzərə alınmaqla qiymət müəyyənləşdiriləcək”.

Müəssisədə gecə növbəsində çalışanlarla da söhbətləşib tibbi maska istehsalının çətin olub-olmadığını öyrəndik. Günel Qədimalıyeva deyir ki, tibbi maska istehsalı kənardan asan görünsə də, heç də belə deyil: «Evdə adi parçadan hazırlanan maskalarla tibbi maskaların istehsalı tamamilə fərqlidir. Bizim müəssisədə istehsal olunan tibbi maskalar üç qatlıdır. Təbii ki, maska istehsalını əsasən avtomatlaşdırılmış avadanlıqlar həyata keçirir. Biz isə üzərimizə düşən işləri həyata keçirik. Təbii ki, bu sahə bizim üçün yenidir. Ona görə də, biz onlayn təlim keçərək bu işi öyrəndik. Çox sevinirəm ki, bu gün vətəndaşlarımızın sağlamlığının qorunması üçün qurulan bu müəssisədə çalışıram. Tibbi maska istehsalında az da olsa zəhmətimin olması qürurvericidir. İnsanların ehtiyacı olan, onlar üçün həyati əhəmiyyət kəsb edən işin bir parçası olmaq həm məsuliyyətlidir, həm də sevindirici. Çalışırıq ki, işimizi həm keyfiyyətli görək, həm də çevik. Çünki bu gün hər kəs öz yerli istehsalımız olan tibbi maskaların satışını böyük səbirsizliklə gözləyir».

İşçilərlə söhbət zamanı öyrənirik ki, tibbi maskaların bakterioloji baxımdan keyfiyyəti istehsal prosesində nəzərə alınsa da, istehsaldan sonra da gigiyenik keyfiyyətinə nəzarət olunur. Tibbi maskalar qablaşdırılmazdan öncə sterilizə olunur.

Bir sözlə, tibbi maskaların istehsalı üçün yeni yaradılan bu müəssisədə gecə saat 00:49 olmasına baxmayaraq qaynar iş davam edir. Biz isə pandemiya dövründə üzərlərinə belə böyük və şərəfli məsuliyyət götürən komanda ilə sağollaşaraq, koronaviruslu Bakıya doğru qayıdırıq…

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *