Sahibkarlara 46,9 milyon manat verildi — Nazirlik

Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən bugünkü tarixə 5 tranş çərçivəsində ümumilikdə 46 milyon 915 min manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 11 min 607 vergiödəyicisinə 28 milyon 210 min manat, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 23 min 23 fərdi (mikro) sahibkara 18 milyon 705 min manat olmaqla ümumilikdə 34 min 630 vergiödəyicisinə 46 milyon 915 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.

Qeyd edək ki, Tədbirlər Planında pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına ümumilikdə 295 milyon manat maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında xəzinədarlıq orqanları tərəfindən maliyyələşmə gündəlik əsasda davam etdirilir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *