Karantin dövründə internet asılılığı güclənib

 

Çində bu durumdan əziyyət çəkənləri xüsusi xəstəxanada müalicə edirlər.

Bəşəriyyətin koronavirus pandemiyası ilə mübarizə apardığı və bütün ölkələrdə karantin elan olunduğu bu günlərdə, insanların böyük əksəriyyəti evdəki boş zamanını internetdə, kompüter qarşısında və mobil telefonlarda keçirir. Açıq havada gəzmək, tanışlarla görüşmək, ünsiyyət imkanından məhrum olanlar çarəni internetdə film izləməkdə, sosial şəbəkələrdə vaxt keçirməkdə görürlər. Bu isə dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda insanlar arasında yayılmış internet asılılığı problemini daha da artıra bilər. Belə ki, karantin bitəndən sonra da bu asılılıqdan xilas olmaq çətin olacaq.

Mövzu ilə bağlı Musavat.com-a danışan psixoloq Elnur Rüstəmov vurğuladı ki, internet asılılığı problemi xüsusi karantin rejimindən öncə də bizim cəmiyyətdə mövcud idi və karantin dövründə daha da kəskinləşib: “İnternetdən və mobil telefondan asılılıq kimi problemlər insanlar arasında var idi və dünyada da belə bir problemlə üzləşirdilər. Hətta Çində internet asılılığı olanlar üçün xüsusi reabilitasiya mərkəzi də var idi. Bu durumdan əziyyət çəkənləri xüsusi xəstəxana rejimində müalicə edirlər. İnternetdən asılılıq problemi istər yaşlı nəsil, istər orta yaşlı insanlar, istər gənclər və yeniyetmələrdə, istərsə də, uşaqlarda var. Hər yaş qrupundan olan insanlar bu problemlər baş-başa qala bilərlər. Çünki bu gün demək olar ki, görülən işlərin böyük bir qismi internet üzərindən görülür. Burada bir qisim istifadəçilər iş məqsədilə internetdən istifadə edirlər, digər bir qisim isə asudə vaxtını dəyərləndirməyə çalışır. Boş vaxtını internetdə dəyərləndirənlər daha çox internet asılılığından əziyyət çəkir, bu onlarda daha böyük narahatlıqlara səbəb ola bilər”.

Psixoloqun sözlərinə görə, orada həm uşaqlar, həm də böyüklərin nə izlədiyi, nə oxuduğu, hansı informasiyalar aldığı önəmlidir: “Bu informasiyaların hər biri insanın emosiyalarına, duyğularına, baxış tərzinə təsir göstərir. Bu həm indiki durumda ani olur, həm də gələcəkdə həyata baxışına, insanlarla münasibətinə təsir edir. Yəni insanların sırf vaxt keçirmək üçün internetdə olmaları psixoloji fəsadlar yaradır. Sosial şəbəkə, film izləmək , kitab oxumaq da buraya daxildir”.

E.Rüstəmov qeyd etdi ki, internet asılılığı problemi onlayn çalışan insanlara aid deyil: “Ancaq internetdə oturub iş görən adamlar müəyyən qısa fasilədə film izləyirsə və ya sosial şəbəkəyə daxil olursa, onlarda xüsusi problem yaranmayacaq. Ancaq bütün gününü, zamanını internetdə keçirən insanlarda problem yaranacaq və o indi də mövcuddur, daha da artacaq. Bundan daha çox şikayət edənlər valideynlərdir. Uşaq və yeniyetmələrdə bu problem özünü qabarıq göstərəcək”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *