Başımızın bəlası COVİD-19: Mübarizə tədbirləri necə aparılır?

Şəhər təsərrüfatı məsələləri üzrə ekspert Teymur Mahmudov yazır…

Dünyanı cənginə alan koronavirusa qarşı mübarizədə diqqət çəkən vacib məsələlərdən biri önləmə tədbirləridir. Dünya dövlətləri koronavirusun daha geniş yayılmaması üçn sərhədləri bağlasa da, internet və texnologiyanın bugünkü inkişafı dünya ölkələri ilə əlaqələri bağlaya bilməyib. Yəni, adi bir yenilik və xəbər sürətlə yayılır və cəmiyyət tərəfindən müzakirə olunur. Elə bu səbəbdən Bakıda da koronavirusa qarşı aparılan dezinfeksiya tədbirləri sosial şəbəkələrdə trendə çevrildi, videoçarxlar çəkildi. Bir sözlə, COVİD-19-a qarşı aparılan və kütləvilik qazanan tədbirlər əhalinin geniş marağına və sözün yaxşı mənasında təəccübünə səbəb olmuşdu.

Xəbər saytlarında “Bakının yolları da dezinfeksiya olunur” tipli  gülüş doğuran başlıqlara da rast gəlinirdi .  Aydın məsələdir ki, məlum virus evlərimizə, məskunlaşdığımız sahələrə həm də yol vasitəsilə gəlir. Dünyanın inkişaf etmiş ölkələrinin şəhərlərində aparılan dezinfeksiya tədbirlərini müşahidə elədikdə,  koronavirusa qarşı hazırlanan kimyəvi məhlulların yollara bizdəki tək çilənməyini görürük. Belə ki, dünya ölkələrində yollar əməlli-başlı təzyiqli şırnaq vasitəsilə yuyulur .

Bu nöqsanı yazmaqla, Bakı şəhər İcra Hakimiyyətinin apardığı genişmiqyaslı dezinfeksiya tədbirlərinin dəyərini aşağılamaq fikrindən uzağam. Lakin görünən odur ki, ölkəmizdə yolların xlor və ya ammonyak tərkibli məhlullarla yuyulması başqa ölkələrlə müqayisədə, arzuolunan səviyyədə aparılmır. Əslində dezinfeksiya işləri yollarda gecə saatlarında aparılmalı və ya yollar dərmanlanarkən nəqliyyatın hərəkəti tamamilə dayandırılmalıdır. Çünki ola bilər ki, hansısa nəqliyyat vasitəsinin şüşələri açıq olsun və nəqliyyat sahibinin həyatı üçün təhlükəli sayıla biləcək hadisə baş versin.

Bakı Şəhər İcra Hakimiyyəti indiyədək Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olan 11 400 yaşayış binasının gündə iki dəfə dezinfeksiya olunması barədə məlumat yayıb. Nədənsə, çoxmənzilli binaların  gündə iki dəfə dezinfeksiya olunması barədə məlumat inandırıcı görünmür. Kooperativ binaların da gündə iki dəfə  dezinfeksiya olunmasının təmin olunması xəbərləri də real görünmür.  Dezinfeksiya tədbirlərinin aparılması lokal xarakter daşıyır. Bir çox hallarda isə yerli dövlət qurumlarının özünü təbliğat vasitəsinə çevrilir. Bu hal aradan qaldırılmalı və daha çox mərkəzləşmə olmalıdır. Bugünədək koronavirusa qarşı tədbirlərlə bağlı Bakı şəhər İcra hakimiyyətində qaynar xətt yaradılmayıb və ümumiyyətlə, icra hakimiyyətinin feysbuk səhifəsində də hansısa məlumat yoxdur. Sakinlər yalnız yerli İcra hakimiyyətlərinə müraciət edə bilərlər. Bu isə dövlət tədbirinin məsuliyyətlə aparılmasına mane olur və özfəaliyyətə yol açır.

Dəfələrlərlə qeyd olunub ki, məhlulların kimyəvi  tərkibi zəifdir və öldürücülük qabiliyyəti aşağıdır. Maraqlıdır ki, bu məhlullar  necə hazırlanır? Ümumiyyətlə, Səhiyyə Nazirliyinin və ya Bakı şəhər Dezinfeksiya Stansiyasının mütəxxəsislərinin köməyindən istifadə olunurmu?!

Dezinfeksiya ilə bağlı vahid təlimatların olmaması, maarifçilik işlərində xüsusi bukletlərin, xəbərdaredici vərəqələrin zəif hazırlanması  da əlavə nigarançılığa yol açır. Xüsusən də yeni binalarla, MTK-larla əlaqələndirilmiş iş metodları olduqca zəif xarakter daşıyır. Bir çox hallarda cərimə sisteminin olmaması, yalnız şifahi bildirişlərlə işin qurulması ilə genişmiqyaslı mübarizə tədbirləri aparmaq arzuolunan nəticələri verməyəcək. Necə deyərlər, işimiz artacaq… Sakinlər də yaşadıqları binaların dezinfeksiya olunmasına həssaslıq nümayiş etdirməlidirlər. Nəzərə alın ki, sizin yaşadığınız bina, binanın girişi, pilləkən qəfəsləri, lift kabinələri, qeyri-yaşayış sahələri sayılan zirzəmilər, birinci mərtəbələrə yaxın sahələr gündə iki dəfə dezinfeksiya olunmalıdır . Çünki bəla çox böyükdür…

Bakı bizim hamımızın evidir. Yaşadığımız mənzildən kənarda nə baş verirsə, bizi də qayğılandırmalıdır. Ən əsas məsələ isə vətəndaş təşəbbüskarlığıdır.

Evdə qalsanız da, şəhərimizdə baş verən heç bir hadisədən kənarda qalmayın.

Millitribuna.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *