Azərbaycanlı tələbələr Türkiyədə çıxılmaz vəziyyətə düşüb: Bakıdan dəstək gözləyirlər

Türkiyənin Bandırma şəhərində təhsil alan 36 azərbaycanlı tələbənin köməksiz vəziyyətdə qaldıqları haqda məlumat yayılıb.

Yenicag.az-a daxil olan məlumata əsasən, Türkiyədə təhsil alan, lakin koronavirus pandemiyası dalğasında Azərbaycana qayıda bilməyən tələbələrimiz ümidsizlik içində dövlətdən dəstək gözləyirlər.

Qeyd olunur ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) səlahiyyətli nümayəndələri Bandırmadakı tələbələrimizə müəyyən yardım göstərsələr də, bu, onların problemlərini tam aradan qaldırmayıb.

Hətta vəziyyət o həddə çatıb ki, bəzi tələbələrimizin qaldığı evin kirayə pulunu onların yaxın dostlarının qohumları ödəyiblər və bundan sonra ev sahibi həmvətənlərimizin aprelin sonunda evi təhvil vermələrini tələb edib.

Türkiyədə küçəyə çıxmaq qadağasının tətbiq edilməsi azərbaycanlı tələbələrin vəziyyətini daha da ağırlaşdırıb. Tələbələrimiz qidalanma ilə bağlı da ciddi korluq çəkirlər.

Bu məlumatın yayımlandığı sosial şəbəkələrdə yaranmış vəziyyətə reaksiya verən istifadəçilər tək Bandırmada deyil, Türkiyənin başqa şəhərlərində də təhsil alan çox sayda azərbaycanlı tələbənin çıxılmaz vəziyyətdə qaldıqlarını bildiriblər.

Ümid edirik ki, bu məlumatın ictimailəşməsindən sonra Azərbaycan hökuməti təcili hərəkətə keçərək, Türkiyədə ağır vəziyyətə düşən tələbələrimizə yardım əlini uzadacaq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *