«O, kişi kimi nəyi açıqlaya bilər?» — Yaşar Nurinin qızı

Yaşar Nuri onlara yol göstərib, atamın adı onların üstündə olub həmişə…

Millitribuna.az bildirir ki, bu sözləri kulis.az-a açıqlamasında Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva bildirib. O, bu günlərdə bibisi oğlu müğənni Rüfət Axundovun televiziya proqramlarının birində söylədiyi fikirlərə münasibət bildirərkən deyib. Ülkər Nuriyeva söz-söhbətin uzanmasında bir az da media nümayəndələrinin rolu olduğunu vurğulayıb:

«Ümumiyyətlə, görürəm ki, bu söbət çox uzanır. Məsələnin məcradan çıxmasında bir az da media nümayəndələrinin rolu var. Söhbəti çox şişirdirlər. Mən heç bir çıxışımda Rüfəti pisləməmişəm. Bizim ondan, sadəcə, qardaş kimi umacağımız olub. Haqqı da, nahaqqı da bir Allah bilir. Mənim atam dünyasını dəyişib. Bugünkü gündə onun ruhunu incitməyə heç kimin ixtiyarı yoxdur. İstəyirəm məzarında rahat yatsın. Onun həyatda iki qızına özündən başqa heç kim dayaq olmayıb. Bütün Azərbaycan bilir ki, Yaşar Nuri qızlarını necə saxlayıb, necə ailəcanlı olub».

Ülkər Nuriyeva ailə daxilində baş verən söhbətləri efirə daşımasını Rüfət Axundova irad tutub:

«Rüfət də, Nicat da bizim evimizdə böyüyüblər. Bunu mən tam əminliklə deyirəm. Bunu sübut edən videokasetlər, fotolar var. Onlar nə isə bir səhnəcik hazırlayanda atamdan fikir soruşurdular. Rüfət verilişdə aparıcıya deyir ki, kadrarxası kişi kimi açıqlasam, mənim səmimiyyətimi anlayacaqsan. O, kişi kimi nəyi açıqlaya bilər? Anam, yaxud da mən ondan incik olub nə isə demişiksə, bu ailə söhbətidir. Ailə içində baş verən söhbəti efirə daşımaq doğru deyil. Mən Rüfətlə bir yerdə böyümüşəm onu hamıdan çox istəmişəm. Düşünürəm ki, artıq bu söhbətlərə son qoyulmalıdır».

Rüfət Axundovun «İstedadı varsa, özü bir yerdən çıxacaq. Ona necə yol göstərə bilərəm? Mənə heç kim yol göstərməyib» sözlərinə isə sənətkarın qızı bu cavabı verib:

«Yaşar Nuri onlara yol göstərib. Atamın adı onların üstündə olub həmişə. Onun adı hamıya yaşıl işıqdır. Amma mən 4 ildir bu sənətdəyəm, bu illər ərzində heç kim mənə nə maddi, nə mənəvi dəstək olub. Nə etmişəmsə, öz gücümlə, öz imkanlarımla etmişəm. Özümə sponsor axtarmamışam, sambalımı qorumuşam. Atamın adına ləkə gələcək heç bir hərəkətə yol verməmişəm. Mənim istedadım var. Bu gün çox işıqlandırılmamağımın səbəbi məhz maddi problemdən qaynaqlanır. Mənə lazımi qiyməti böyük sənətkarlar verib. Öz sənətimin, daxili aləmimin ağasıyam. Heç kim mənə deyə bilməz ki, sən müğənni olma. Mənim musiqi təhsilim var. Vaqif Gərayzadədən dərs almışam. Və bu gün məni dinləyən təbəqə var».

Qeyd edək ki, bu günlərdə müğənni Rüfət Axundov verilişlərin birində dayısı Xalq artisti Yaşar Nuriyevlə sağlığında da soyuq münasibətdə olduqlarını gizlətməyib:

«Açıqlamalı bir şey yoxdur, ömür boyu bizim soyuqluğumuz olub. Yaşar Nuri işgüzar adam idi, başını qaşımağa vaxtı olmurdu. İndi də hərəsinin öz evi var. Rəhimə xanım 4-5 ay öncə bizə gəlmişdi, amma biz getmirik. Toylarda, şənliklərdə görüşürük. Həmişə ağsaqqallıq edib. İndi də hərəsinin öz ailəsi var. Haçan lazım olar, gedərik».

Rüfət «Ülkər deyir ki, Rüfət mənimlə duet oxumur, toya aparmır» sözlərinə isə belə reaksiya verib:

«Yaşar müəllim Nicata da, mənə də deyib ki, istedadınız yoxdursa, sizə necə kömək edə bilərəm? İstedadı varsa, bir yerdən çıxacaq. Ona necə yol göstərə bilərəm ki? Mənə yol göstərən olmayıb. Kadrarxası bəzi şeyləri danışaram. Efir üçün deyil. Kişi kimi danışsam, səmimiyyətimi anlayacaqsan».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *