Cinayət Məcəlləsi niyə dəyişdirilir? – Vəkildən reaksiya

.

“Dövlət humanist siyasət yeridərək, azadlıqdan məhrumetmə hallarını maksimum azaldır”.

Ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin keçirdiyi onlayn iclasda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə müzakirə olunub.

Təkliflərdə 35 cinayətin dekriminallaşdırılması, 10 cinayət əməlinin Cinayət Məcəlləsindən çıxarılması, 25 cinayət əməlinə görə məsuliyyət yaradan həddin artırılması nəzərdə tutulur.

Eyni zamanda, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur. 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması), 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi təklif edilir.

Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri Yenicag.az-a şərh edən vəkil Roman Qaraşov hazırlanan yeni layihədə müəyyən ziddiyyətli məqamların olduğunu bildirib.

Vəkilin sözlərinə görə, irəli sürülən təkliflərdə müsbət məqamlar olsa da, bu prosesin mərhələli qaydada həyata keçirilməsi daha münasibdir. Eyni zamanda, dəyişikliklər cəzasızlıq mühitinin yaranmasına gətirib çıxarmamalıdır:

“Layihədə irəli sürülən təkliflər cinayət qanunvericiliyinin təkmilləşməsinə, yeni müddəaların əlavə edilməsinə və ya bəzi cinayətləri Məcəllədən çıxarmaqla, dekriminallaşdırmaq prosesinə səbəb olur.

Nəzərdə tutulan əksər dəyişikliklər sərt cəzaların yumşaldılmasına yönəlib. Hətta 10 əməl ümumiyyətlə, cinayət hesab olunmaqdan çıxarılır. Dövlət humanist siyasət yeridərək, azadlıqdan məhrumetmə hallarını maksimum azaldır.

Amma bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Məsələn, dələduzluq cinayətinə tərəflərin barışığı ilə xitam verilməsi doğru olardı. Çünki dələduzluq nəticəsində maddi ziyan dəyir və bu zərər ödənildikdən sonra tərəflər razılığa gəlirlərsə, təqsirkarın cəzalandırılmasına ehtiyac qalmır.

Digər tərəfdən, cəzaçəkmə müəssisələri də müsbət örnək yeri deyil. Orada əmək fəaliyyəti ilə məşğul olmaq imkanları məhduddur. Cəmiyyəti qorumaq üçün bir tarazlıq yaradılmasına çalışılır. Ümid edirik, bu dəyişikliklərə müsbət yöndən yanaşılaraq, tətbiqinə qərar veriləcək”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *