«Bağ evlərinin kirayə qiymətində bahalaşma var» — Ekspert rəyi

“Qiymət artımı yalnız Bakıətrafı ərazilərdə deyil, bölgələrdəki istirahət zonalarında da qeydə alınır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında karantin rejiminin ölkənin daşınmaz əmlak bazarına təsirlərini şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Elnur Fərzəliyevin sözlərinə görə, koronavirus pandemiyasının yayıldığı dövrdə daşınmaz əmlak bazarında ciddi durğunluq yaranıb:

“Paytaxtda kirayədə yaşayan rayon qeydiyyatlı vətəndaşların öz bölgələrinə qayıtmaları əksər kirayə mənzillərin boş qalmasına səbəb olub. Hazırda əmək fəaliyyətinin dayandırılması fonunda mənzil sahiblərinin çoxu imkanı olmayan şəxslərdən ya kirayə pulunu almamağa çalışır, ya da kirayə qiymətini 50 faizə qədər aşağı salır.

Lakin paytaxtda kirayə mənzillərin qiyməti ucuzlaşsa da, şəhər kənarındakı bağ evlərinin kirayə qiymətləri artmaqdadır. İmkanlı paytaxt sakinləri karantin müddətini bağ evlərində keçirməklə, insanlardan daha çox təcrid olunmağa üstünlük verirlər. Həmçinin bu addım bina evlərində dörd divar arasında sıxılmamaq üçün atılmış ən optimal addım hesab olunur”.

Ekspert qeyd edib ki, normalda bağ evlərinin kirayə mövsümü iyundan başlayırdısa, bu il proses artıq mart ayından vüsət almaqdadır. Qiymət artımının qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir:

“Qiymət artımı yalnız Bakıətrafı ərazilərdə deyil, bölgələrdəki istirahət zonalarında da qeydə alınır. Lakin paytaxtdakı kirayə mənzillərin qiymətlərinin aşağı düşməsi və təlabatın azalması mənzillərin satış qiymətinə elə də ciddi təsir göstərməyəcək.

Xüsusən də yeni tikililərdə və inşası davam edən binalarda satış qiymətlərinin aşağı düşəcəyi gözlənilmir. Tikintilərin həcmi azalsa da, inşaat işlərinin maya dəyərinin qiyməti əvvəlki dövrlərdən də baha olacaq.

Bunun əsas səbəbi isə təmir-tikinti işlərində istifadə olunan inşaat materiallarının çoxunun xarici ölkələrdən idxal edilməsi və hazırda əksər dövlətlərin sərhədlərinin bağlı olmasıdır”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *