Azərbaycanlı həkim: “Koronavirusa yoluxanların 83,4 faizi dadbilməni itirir”

 

2019-cu ilin sonlarından etibarən Çində koronavirus yayılmağa başlayıb.

Hazırda dünyada koronavirusa yoluxanların sayı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunub. Bu virusun qarşısının alınması istiqamətində beynəlxalq təşkilatın tövsiyə və tələblərindən irəli gələrək, Azərbaycan ərazisində təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.

Virusun yayılması və digər məsələlərlə bağlı Oxu.Az-ın suallarını Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, Almaniya Rentgen Cəmiyyətinə doktorluq işi təqdim olunmuş ən gənc azərbaycanlı həkim Nuran Abdullayev cavablandırıb.

— Əvvəlcə sizi Almaniyaya aparan hekayəni danışın.

— Əslində, hekayələri çox sevmirəm, çünki əksər hallarda şişirdilmiş xəyallarla dolu olur, mən isə konkret və reallıqları sevən biriyəm. Bəlkə, elə buna görə də tərcümeyi-halları oxumağı sevirəm. Amma tam səmimi deyə bilərəm ki, Almaniyaya gəlişim mübaliğəsiz bir hekayədir, özü də uğur hekayəsi. Mənim hekayəm çox uzundur, amma qısa olaraq onu deyə bilərəm ki, həmişə daxilimdə Azərbaycanda ilkləri tətbiq etmək həvəsi var idi, elə bu həvəs də məni Almaniyaya gətirdi.

— Neyroradiologiyanı seçməyinizin xüsusi bir səbəbi vardı?

— 23 yaşım olarkən bizim institutun rəhbəri, professor David Maintsla razılaşdıq ki, neyroradiologiya ilə məşğul olacağam, o da mənim bu sahədə mütəxəssis kimi yetişməyimə dəstək olacaq. Bu yaşda belə bir qərarı vermək üçün həddən artıq gənc olduğumu o da mənə bildirmişdi, bəlkə, qərarıma görə tərəddüd də edirdi, amma prinsipiallığım və məqsədə doğru qəti addımlarım məni həmin Radiologiya İnstitutunda şöbə müdiri olmağa qədər gətirib çıxardı.

Həmin institutda ki, bizim elmi araşdırma qrupumuz xüsusi növ kompüter tomoqrafiyası ilə apardığı elmi tədqiqatlara görə ötən illərdə dünyada birinci yeri tutmuşdu. “Nəyə görə məhz neyroradiologiya?” sualının cavabı isə belədir ki, orada insan həyatını qurtardığın böyük əməliyyatları edirsən, məsələn, beyin insultu keçirən xəstələrdə ilk saatlarda beyin üzərində apardığımız əməliyyatları göstərə bilərəm.

Bəlkə də, elə həyat xilas etmək sevgisi məni bütün Almaniya üzrə bu əməliyyatı sərbəst icra edən ən gənc həkim elədi — bəli, həmin o 23 yaşlı azərbaycanlı gənci. Buna görə də Almaniya Neyroradiologiya Cəmiyyətindən və başqa elmi cəmiyyətlərdən xüsusi təqaüdlərə layiq görüldüm. Məqsədlərimə gəlincə, onlar hələ bitməyib, yola davam edirik.

— Alman-Azərbaycan Radiologiya və Neyroradiologiya Cəmiyyətinin sədrisiniz. Bu cəmiyyəti təsis etməyə sizi nə vadar etdi? Bu qədər elmi və praktiki təcrübələrlə artıq Azərbaycana dönməyi düşünürsünüzmü?

— Məni tanıyanlar bilir ki, daxilimdə xüsusi bir Azərbaycan sevgisi var. Vətənimdə radiologiya-neyroradiologiya səhələrinin inkişafına böyük ehtiyac olduğunu gördüm və bu cəmiyyəti təsis edərək, Azərbaycana dəstək olmağa qərar verdim. Həmtəsisçilər də mənim elm dostlarım — Almaniyadan olan professorlardır ki, onlar bu məqsədimə çatmaqda mənə kömək edirlər.

Azərbaycana dönməyə gəlincə, bu sualı mənə tez-tez verirlər, mən də əvəzində hər kəsə Atatürklə professor Mahmud Sadinin hekayəsini danışıram. Atatürkün Berlinə təhsil almağa göndərdiyi Mahmud Sadi gedib-getməmək qərarında böyük tərəddüd içində olarkən son gün Atatürkdən aldığı teleqram onu bu yola çıxmağa vadar edir. Teleqramda belə yazılmışdı:

“Sizləri birər qığılcım olaraq göndərirəm, alovlar olaraq geri dönməlisiniz!”.

Sonradan isə professor Mahmud Sadinin vətəni üçün elədiklərini çoxumuz bilirik. Açığı, əlimdə Azərbaycan üçün icra olunması vacib olan kifayət qədər tibbi layihələr və onları tətbiq edəcək qədər də potensialım var. Sadəcə, icra etməyə başlamaq lazımdır, bu sahədə Azərbaycan səhiyyəsi adına böyük işlər görmək istəyən hər kəsə layihələri təqdim edə bilərəm. Yetər ki, Azərbaycan daha da inkişaf etsin.

— Dünyanı COVID-19 bəlası cənginə alıb. Almaniyada pandemiyadan ölümlərin az olması dünyanın diqqətini çəkir. Burada hər hansı bir “alman modeli” var?

— Ümumiyyətlə, alman tibbinin öndə getməsinin əsas səbəbi uzun illərdir özünü doğruldan nizamlı səhiyyə sisteminin olmasıdır. Ölüm sayına gəldikdə, heç kəs unutmamalıdır ki, pandemiya Almaniyada hələ bitməyib və bunun ölkə üçün necə bitəcəyini hamımız görəcəyik. Mən isə bu sahədə bir az nikbinəm, bunun səbəbi virusa yoluxanlara düzgün tibbi xidmətin təşkili və ən başlıcası, alman xalqının həmrəy olub dövlətin bütün tapşırıqlarına ciddi əməl etmək istəməsidir. Bundan da vacib bir amil risk qrupuna daxil olan yaşlı xəstələrə başqa Avropa ölkələrinə nisbətən, ümumilikdə, daha faydalı tibbi xidmətin göstərilməsidir.

— Ekstrasens Zirəddin Rzayevin koronovirusun bitmə tarixi ilə bağlı proqnozu və həmvətənlərimizin buna reaksiyası sizi məyus etmişdi. Bununla bağlı fikirlərinizi sosial şəbəkələrdə də paylaşmışdınız…

— Bilirsiniz, vətənini sevən elm adamının arzusu həmişə xalqının da elmli olması və özünü daha da inkişaf etdirmək istəməsidir. Yuxarıdakı dediyiniz mövzuda artıq dəyərli və mənim də xüsusi hörmət etdiyim millət vəkillərimiz daha öncə fikir bildiriblər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, çoxluq hələ də elmə yox, başqa yollara inanır, bu da birbaşa təhsilsizlikdən və elmsizlikdən irəli gəlir. Amma nə vaxtsa düzələcəyinə, daha doğrusu, düzəldəcəyimizə əminəm, ona görə də həmişə deyirəm ki, mənim həmin xalq qrupu ilə sevgim Altsheymer xəstəliyinə (yaddaşın itməsi) tutulmuş valideynə övladının sevgisinə oxşayır: xəstə valideyn övladını tanımasa belə, övladı ona yorulmadan 24 saat qulluq edir — qarşılıqsız sevgi!

— Koronavirusun mövcud olmadığını, bunun bir iddia və oyun olduğunu iddia edənlər var. Onların çoxu bunu belə əsaslandırır ki, xəstəliyə yoluxan tanışı yoxdur.

— Açığı, mənim son günlərdə bu barədə bir xeyli yazım oldu və dediyiniz fikirlərlə tanışam. Qısa olaraq isə belə deyə bilərəm ki, bu həssas məqamda vacib olan jurnalistin jurnalistika, həkimin həkimlik, siyasətçinin siyasət, iqtisadçının da iqtisadiyyat barədə danışmasıdır. Vay o gündən ki, həkim qalxıb siyasətdən danışa, jurnalist də həkimlikdən. Bax, belə olan yerdə elmsiz xalq nümayəndələri qalxıb bu cür iddialar irəli sürürlər. Vacib olan odur ki, hər kəs cəmiyyətdə öz funksiyasını bilməlidir və öz sahəsinin birincisi olmağa çalışmalıdır. Əks halda, inkişaf qeyri-mümkündür!

— Yayılmanın hava-damcı yolu ilə baş verdiyi bildirilir. Amma daha çox yollar dezinfeksiya olunur. Buradakı məntiq nədir?

— Açığı, bu suala cavabı şəxsiyyətinə və elminə pərəstiş etdiyim bir alman professorundan eşitmişəm, ona görə də cavabı onun dediyi kimi çatdırıram. Bunun heç bir elmi əsası yoxdur, sadəcə, böyük psixoloji effekti var.

— Gərgin iş rejiminizə baxmayaraq, son günlərdə əhalinin maarifləndirilməsi istiqamətində bir xeyli yazı və çıxışlarınız da var. Məsələn, mənim diqqətimi cəlb edən məqam COVID-19-un Azərbaycanda yayılması haqqında elmi təhliliniz idi. Dünən sosial şəbəkədə yeni sorğuya başladığınıza dair məlumat yazdınız, bu da maarifləndirici tədqiqatdır?

— Bəzən araşdırmalar o qədər uzun sürür ki, gecələr maksimum iki-üç saat yata bilirəm. Düşünürəm ki, Azərbaycana bu dövrdə, həqiqətən, kömək lazımdır. İstər tibbi, istərsə də maarifləndirici istiqamətdə. Ona görə də bu yolda kömək edə bilən hər kəs mütləq köməyini göstərməli və onu əsirgəməməlidir.

Almaniyada ilk yoluxma zəncirinin araşdırılıması istiqamətində aparılan tədqiqatda maraqlı bir fakt üzə çıxır. Belə ki, xəstələrin təxminən yarısında dadbilmə və qoxubilmə hissinin itirilməsi faktı aşkarlanır. Bu faktlar elmi ədəbiyyata daxil olduqdan sonra daha bir funksional elmi tədqiqat vasitəsilə, həqiqətən, COVID-19 virusunun burunda, qoxubilmə sistemində müəyyən növ hüceyrələri ciddi şəkildə zədələməsi faktı sübut olundu.

Bu xəstələrin 75 faizində isə burunaxma ilə yanaşı, qızdırma və adi qrip zamanı rast gəlinən simptomlardan da ağır şikayətlərə rast gəlinir. Bu xəstələrin 83,4 faizində dadbilmənin də itməsi müşahidə olunur, hansı ki, Almaniyada aparılan tədqiqatdakı viruslu xəstələrin şikayətləri ilə üst-üstə düşür. Xəstələrin ümumilikdə 12,1 faizinin ailə yaxınları da bu infeksiyaya eyni simptomlarla (tənəffüs yollarının zədələnməsi) tutulur və ailə üzvlərindən bir nəfər, ümumilikdə isə, 7,8 faizi xəstəxanaya yerləşdirilir.

Burada ən maraqlı və vacib məqamlardan biri də xəstələrin yaxınlarının 48 faizində və ev şəraitində ortalama bir nəfər ailə üzvündə kəskin şəkildə qoxubilmənin itməsinə rast gəlinməsidir. Bütün bunlar onu göstərir ki, kəskin şəkildə dad və qoxubilmənin itməsi bu viruslu xəstələrdə tənəffüs yollarının infeksiyası zamanı olan simptomlarla yanaşı gedir və hətta digər simptomlardan daha tez-tez rast gəlinir.

Sorğuya gəlincə, qısa olaraq deyim ki, mənim son günlərdəki elmi təhlilimin nəticəsinə görə, Azərbaycanda virus artıq dekabr-yanvar aylarından yayıla bilərdi. Bunu mətbuatda və televiziyada bildirdikdən sonra çox sayda insanın mənimlə razılaşdığına dair fikirlər aldım. Sorğu elmi tədqiqat növüdür. İlk dəfə Azərbaycanda onlayn rejimdə tətbiq olunub, nəticələrə isə Almaniyada baxacağıq və düşünürəm ki, elm adına böyük nailiyyət olacaq. Bu sorğu vasitəsilə daha dəqiq demək olacaq ki, həqiqətən, virus Azərbaycanda əvvəlcədən yayılıb, ya yox. Bu da ölkəmizdə virusla mübarizəyə birmənalı şəkildə fərqli təsir göstərə və effektiv mübarizəyə kömək edə bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *